Friday 19th April 2024,

Təhlil və şərhlər

Ξ Leave a comment

Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ

posted by

Azərbaycan Respublikası

Bakı Şəhəri Səbail rayon məhkəməsinə

İddiaçı:          Müşfiq Tahirov

Ünvan: AZ1130, Bakı şəhəri, Azadlıq prospekti, ev 172, mənzil 152

Telefon: (+994 12) 461-33-18; (+994 50) 670-41-85

e-mail: mushfig_tahir@yahoo.com

Cavabdeh:    Azərbaycan Respublikasının Milli Məclisinin Aparatı

     Ünvan: Bakı şəhəri,  Parlament küçəsi, 1

                         28 Noyabr 2006-cı il tarixli Səbail rayon məhkəməsinin hakimi Yusif Əli oğlu Kərimovun “İddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina barədə” QƏRARDADINDAN  

Ş İ K A Y Ə T      Ə R İ Z Ə S İ

            Mən, İnformasiya əldə etmək hüququmun Azərbaycan Respublikası Milli Məclisi Aparatı tərəfindən pozulması səbəbi ilə 15 noyabr 2006-cı il tarixdə Səbail rayon məhkəməsinə pozulan hüquqlarımın bərpası vəsatəti ilə müraciət etdim.

28 noyabr 2006-cı il tarixdə Səbail rayon məhkəməsinin hakimi Yusif Əli oğlu Kərimov  Bakı şəhərində mənim Milli Məclisin Aparatına qarşı İddia Ərizəmə baxmış və “iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina barədə” Qərardad çıxarmışdır.

Hesab edirəm ki, məhkəmə hakimi tərəfindən “iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina barədə” Qərardadın verilməsi hüquqa ziddir və mənim pozulan hüquqlarımın bərpası yollarını qanunsuz olaraq məhdudlaşdırır. Bu səbəbdən də həmin Qərardad ləğv edilməli və işə baxılaraq, pozulan hüquqlarım məhkəmə tərəfindən  bərpa edilməlidir.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin I bəndinin “Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır” tələbini rəhbər tutaraq, o cümlədən  2005-ci il sentyabr ayında Milli Məclis tərəfindən qəbul edilən və 9 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanaraq qüvvəyə minən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun verdiyi hüquqlara, o cümlədən onun 2.2-ci maddəsinin “Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir” müddəasının verdiyi hüquqlara  əsaslanaraq, 19 sentyabr 2006-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin Aparatına “III çağırış Milli Məclisdə keçirilən bütün açıq səsvermələrin adbaad nəticələri”nin verilməsini təmin etməyi xahiş edən informasiya sorğusu göndərdim.

İnformasiya sorğusu 20 sentyabr 2006-cı il tarixində Milli Məclisin Aparatına daxil olmuş və 1137 saylı qeydiyyat nömrəsi ilə qeydiyyat kitabına daxil edilmişdir.

İnformasiya əldə etmək haqqında qanunun 24 və 25-ci maddələrində nəzərdə tutulan İnformasiya sorğusu üçün tələb olunan “sorğunun icra müddəti” başa çatsa da qanuni informasiya sorğum Milli Məclisin Aparatı tərəfindən cavablandırılmamış və informasiya əldə etmək hüququm pozulmuşdur.

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun məqsədi “Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yarat maqdan ibarətdir”.

Həmin Qanunun 6-cı maddəsinə görə informasiya əldə olunmasının əsas prinsiplərindən biri də “informasiya sorğusunun ən qısa zamanda və ən münasib üsulla təmin edilməsi” olaraq müəyyən edilmişdir.

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə “dövlət orqanları” informasiya sahibi hesab edilirlər. Konstitusiyanın 7-ci maddəsinə əsasən Azərbaycanda dövlət hakimiyyət orqanları qanunvericilik, icra və məhkəmə orqanlarıdır. Bu baxımdan dövlət orqanları dedikdə Milli Məclis və onun Aparatı bu anlayış daxilindədir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində isə informasiya sahiblərinin vəzifələri müəyyən edilmiş və “informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməli” olduğu, vəzifə kimi informasiya sahiblərinin üzərinə qoyulmuşdur.

Həmin Qanunun 24.1-cü maddəsində “İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir  tələbinə və  24.5-ci maddəsindəki “İnformasiya sorğusunun bu Qanunla müəyyənləşdirilmiş icra müddəti sorğunun qeydə alındığı günün sonrakı iş günündən hesablanır” müddəasına əsasən informasiya sorğusunun icra müddəti 29 sentyabr 2006-cı ildə başa çatıb. Əgər sorğunun icra müddəti həmin Qanunun 25-ci maddəsinin tələbinə uyğun olaraq uzadılmış olsa belə, bu barədə 5 iş günü ərzində sorğuçuya məlumat verməli idi. Bütün hallarda Qanunda nəzərdə tutulan müddətlər başa çatsa da, informasiya sahibi sayılan Milli Məclisin Aparatı tərəfindən sorğuma cavab mahiyyətində hər hansı rəsmi məktub almamışam.

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən “…informasiya sahibləri informasiyanın əldə olunmasının təşkilinə görə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar”.

Ayrıca, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 37.1.16-cı maddəsinə, habelə Milli Məclisin Daxili Nizamnaməsinin 25-ci maddəsindən açıq aydın olur ki, Milli Məclisinin fəaliyyətində aşkarlığa əməl edilməlidir və bu kimi informasiyalar ictimai əhəmiyyətli informasiya kimi sorğulandığı halda təqdim edilməlidir.

Bütün bu müddəalar Milli Məclisin Aparatına ünvanlanan qanuni informasiya sorğumun cavablandırılmasını tələb etsə də, qanunların müddəaları pozularaq sorğum cavablandırılmamış,  mənim konstitusion hüququm olan, İnsan Hüquqlarının Müdafiəsinə dair Avropa Konvensiyasının 10-cu maddəsində əsas insan hüquq və azadlığı kimi qorunan informasiya əldə etmək hüququm dövlət orqanı tərəfindən pozulmuşdur.

15 noyabr 2006-cı il tarixdə İnformasiya əldə etmək hüququmun  bərpa edilməsi məqsədi ilə Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan “ Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”, “Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər” müddəalarını, eləcə də “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 49.1-ci maddəsini “Sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Müvəkkilə şikayət etmək hüququna malikdir” normasını, habelə  Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin  Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur” rəhbər tutaraq, Səbail rayon məhkəməsinə müraciət etdim.

Konstitusiyanın 125-ci maddəsində nəzərdə tutulan “Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər” müddəasının mənə verdiyi ümidlə pozulan İnformasiya əldə etmək hüququmun bərpa ediləcəyini gözlədiyim halda, 18 dekabr 2006-cı ildə Səbayıl rayon məhkəməsindən daxil olan, 28 noyabr 2006-cı il tarixdə hakim Yusif Kərimovun qəbul etdiyi “iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina barədə” Qərardad  pozulan informasiya əldə etmək hüququma bir digər hüququmun da pozulmasını əlavə etdi.

İddia ərizəmin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməsi və pozulan informasiya əldə etmək hüququmun bərpa edilməməsi bir çox istiqamətdə hüquqa ziddir.

Belə ki, öncəliklə Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsi tələb edir ki, Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarmalı və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərməlidir. Lakin, bu qərardadda iddianın yolverilməzliyi yetərli hüquqi arqumentlərlə əsaslandırılmadığı kimi, iddiaçının hansı orqana müraciət etməli olduğu da göstərilməyib.

İddia ərizəsinin qəbul edilməməsi Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir, Hər kəs dövlət orqanlarının, …, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər” müddəasının şübhə altına alınmasıdır və faktiki olaraq konstitusiyanın mənə verdiyi bu hüququmu pozmaqdır. Ayrıca, Konstitusiyanın  71-ci maddəsində nəzərdə tutulur ki, “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur”. Hər iki maddədə dövlət orqanlarının o cümlədən birbaşa qanunvericilik hakimiyyəti orqanlarının insan hüquqlarını və azadlıqlarını qorumaq vəzifəsi olduğunu göstərdiyindən, Milli Məclisin Aparatı insan hüquq və azadlıqlarına hörmətlə yanaşmalı, tələb olunan ictimai informasiyanı verməli idi. İlk instansiya məhkəməsi kimi məhkəmə hakimiyyəti səlahiyyətini həyata keçirən Səbail rayon məhkəməsi də eyni vəzifəni daşıyır və pozulan insan hüquq və azadlığını bərpa etməli idi. 

Hakim Qərardadda, pozulan informasiya əldə etmək hüququmun bərpa edilməsi məqsədi ilə  Milli Məclisin Aparatına qarşı qaldırdığım iddia ərizəsini iddianın yolverilməzliyi səbəbindən qəbul edilməməsinin bir digər əsası kimi, MPM-nin 296.1., 297.1., 299.1., 300.1-ci maddələrinin buna yol vermədiyini göstərmişdir. Yuxarıda qeyd edilən maddələrdə “icra hakimiyyəti orqanları” ilə bərabər sair orqan və təşkilatların onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə)” qarşı iddia qaldırılması mümkündür. Hakim Qərardadı qəbul edərkən qanunun müddəasını məhdud yozaraq, dövlət orqanlarının hüquq pozma faktına qarşı məhkəmə yolunu bağlamışdır. Beləliklə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 6-cı maddəsində təminat altına alınan məhkəmə tərəfindən ədalətli açıq araşdırması hüququmpozulmuşdur. 2001-ci ildən etibarən Azərbaycan Respublikası Avropa Şurasına üzv qəbul edilmiş və milli hüququnu Avropa hüququna uyğunlaşdırmağı qəbul etmiş, insan hüquqlarının qorunmasını mübahisələndirən  məhkəmə proseslərində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübələrindən istifadə etməyi qəbul etmişdir.

30  mart 2006-ci il tarixdə qəbul edilən “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası  müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı” nda məhkəmələrə  “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya  müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməli” olduğu bildirilir.

Ayrıca, MPM-nin 296.1., 297.1., 299.1., 300.1-ci maddələrinin sadəcə icra hakimiyyəti orqanlarının qərar, hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə müraciət etmək hüququnun verildiyini bir anlığa qəbul etsək belə, bu maddənin tətbiq edilməsi hüququn üstünlüyü prinsipinə və mövcud hüquqa ziddir. Konstitusiyanın 147-ci maddəsinə görə “Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir və  Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir”. Konstitusiyanın 50-ci, 60-cı, 71-ci maddələri məhkəmə tərəfindən birbaşa tətbiq edilməli idi.  

  26 noyabr 1999-cu ildə qəbul edilən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, Normativ hüquqi aktlar Azərbaycan Respublikası Konstitusiyasına və onlardan daha yüksək hüquqi qüvvəsi olan başqa normativ hüquqi aktlara uyğun olmalıdır”. Həmin qanunun 7-ci maddəsində qeyd edilir ki, “Normativ hüquqi aktların tətbiqi zamanı müxtəlif hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar arasında ziddiyyət olduqda daha yüksək hüquqi qüvvəyə malik olan akt tətbiq olunur. Eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar arasında ziddiyyət olduqda isə daha sonra qüvvəyə minmiş normativ hüquqi akt tətbiq olunur”.

Bu norma tələb edir ki, Konstitusiyanın 60 və 71-ci maddələrinin tələblərinə uyğun olmayan MPM-nin yuxarıda qeyd edilən müddəaları tətbiq edilməsin.

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 49.1-ci maddəsi imkan verir ki, dövlət orqanları sorğunun icrasından imtina edər, yaxud sorğu lazımınca icra olunmazsa sorğuçu bu barədə məhkəməyə şikayət etmək hüququndan istifadə etsin.

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu 2005-ci ildə qəbul edildiyindən, bu tarixə qədər qəbul edilən istənilən  eyni hüquqi qüvvəyə malik normativ hüquqi akt iddianın qəbul olunmasına yol vermirsə, həmin norma tətbiq edilə bilməz, çünki bu norma İnformasiya əldə etmək haqqında Qanunun tələblərinə ziddir. Ayrıca, İnformasiya əldə etmək haqqında Qanunun 5.2-ci maddəsi bu qanunun müddəalarına zidd olan normaların qəbul edilməsinə yol vermir: “Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında informasiyanın əldə olunması ilə bağlı bu Qanunun tələblərindən fərqli qaydalar müəyyənləşdirilə bilməz”.

     

Vəsatət:

Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı, 71-ci maddələrini, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının  6 və 10-cu maddələrini, Mülki Prosessual Məcəlləsinin 267, 269-cü maddələrini rəhbər tutaraq,

         28 noyabr 2006-cı il tarixdə Səbail rayon məhkəməsinin hakimi Yusif Əli oğlu Kərimov tərəfindən çıxarılan “iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina barədə” Qərardadın  ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılmasını;

         insan hüquq və azadlıqlarından olan, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində tənzimlənən məlumat azadlığını, o cümlədən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edilən maddələri ilə təminat altına alınan informasiya əldə etmək hüququmu təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Milli Məclisinin Aparatından III çağırış Milli Məclisdə keçirilən bütün açıq səsvermələrin adbaad nəticələri”nin informasiya sorğuma cavab olaraq mənə verilməsini;

         məhkəmə və vəkil xərclərimin cavabdehdən tutularaq mənə ödənilməsini təmin edən qətnamə çıxarmanız xahiş edirik

Əlavə edilir:

  1. 19 sentyabr 2006-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin Aparatına göndərilən İnformasiya Sorğusunun surəti;
  2. Məktubun göndərilməsini təsdiq edən poçt bildirişi;
  3. İddia ərizənin surəti;
  4. Dövlət rüsumunun ödənilməsi barədə qəbz;
  5. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 27 oktyabr 2006-cı il tarixli, №S-05 saylı məktubu ilə, 23 oktyabr 2006-ci il tarixli Qərardadının surəti;
  6. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 04 dekabr 2006-cı il tarixli, №S-05 saylı məktubu ilə, Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 28 noyabr 2006-cı il tarixli Qərardadının surəti.
  7. Şikayət ərizəsinin surəti;

 Müşfiq Tahirov   25 Dekabr 2006-cı il

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV