Thursday 28th March 2024,

Azərbaycan qanunvericiliyi

Ξ Leave a comment

“GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları”nın təsdiq edilməsi haqqında

posted by

        
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 091 31/03/2006 il

"GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları"nın təsdiq edilməsi haqqında

"Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 172 nömrəli Fərmanı ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 31 mart tarixli 91 nömrəli qərarı ilə təsdiq edilmişdir

GOV.AZ domeninin inzibatlaşdırılması

Q A Y D A L A R I

1. Əsas anlayışlar

DNS – domen adları sistemi (Domain Name System). DNS-nin əsas təyinatı qurğuların domen adlarını İP-ünvanlara və İP-ünvanları domen adlarına dəyişməkdir. DNS-nin əsası iyerarxiya üzrə bölünmüş verilənlər bazasıdır.

Domen – DNS-də domen adları fəzasının mərkəzləşdirilmiş inzibatlaşdırılan sahəsidir.

Subdomen – hər hansı domenə nisbətən aşağı səviyyəli domen deməkdir (*.GOV.AZ domeni GOV.AZ domeninin subdomenidir).

Domen adı – DNS-nin verilənlər bazasındakı, adətən bir-birindən "." işarəsi ilə ayrılmış şəkildə göstərilən yazının eyniləşdiricisidir.

Zona – bir domendə yerləşən, növbəti (daha aşağı) səviyyəli resurslar və domenlər haqqında qeydlərin cəmidir.

DNS-server – bir və ya bir neçə zonanın saxlanmasını və DNS-nin verilənlər bazasında olan sorğuları emal edən proqramdır.

Zona üçün “primary” (birinci səviyyəli) DNS-server – bu zona haqqında tam informasiyanın saxlanmasını təmin edən DNS-serverdir.

Zona üçün “secondary” (ikinci səviyyəli) DNS-server – bu zona haqqında tam informasiyanı digər DNS-serverdən alan DNS-serverdir.

Host – internetə qoşulmuş kompüter və ya digər qurğudur.

2. Ümumi müddəalar

2.1. AZSNET (Azerbaijan State Network) şəbəkəsi Azərbaycan Respublikasının mərkəzi və yerli dövlət hakimiyyəti orqanları üçün internet şəbəkəsinin seqmentidir. AZSNET Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanı statusuna malik olan təşkilatlara məxsus, ərazi üzrə paylanmış şəbəkələrin və daxilolma serverlərinin cəmidir. AZSNET şəbəkəsi istifadəçilərə internet şəbəkəsinin informasiya məkanına daxilolma imkanı verir və öz serverlərində yalnız Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə aid olan rəsmi məlumatları yerləşdirir.

2.2. AZSNET şəbəkəsi əsas və ərazi idarəetmə mərkəzləri olan iyerarxik struktura malikdir. Şəbəkənin idarə edilməsinin əsas mərkəzi (AZSNET şəbəkəsinin əsas qovşağı), habelə ərazi seqmentlərinin idarəetmə mərkəzləri Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitəsinin (bundan sonra – XDMX-nin Xüsusi Rabitəsi) sərəncamındadır.

Əsas GOV.AZ domeninin inzibatlaşdırılmasını, *.GOV.AZ subdomenlərinin qeydiyyatını, habelə əsas GOV.AZ domeninin serverlərinə qoşulmuş AZSNET şəbəkəsinin abunəçiləri üçün İP-ünvanlarının verilməsini XDMX-nin Xüsusi Rabitəsi həyata keçirir.

XDMX-nin Xüsusi Rabitəsi öz sərəncamında olan texniki vasitələrlə bu Qaydalar və zərurət yarandıqda, qəbul edilə biləcək digər hüquqi sənədlər əsasında GOV.AZ domeninin DNS-nin fəaliyyətini təmin edir (1 və 2 nömrəli əlavələr).

AZSNET şəbəkəsinin əsas və ərazi seqmentlərinin fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 172 nömrəli Fərmanı ilə XDMX-nin üzərinə qoyulmuş vəzifələrlə müəyyən edilir.

XDMX-nin Xüsusi Rabitəsi *.GOV.AZ subdomenlərinin müdiriyyətlərini və AZSNET şəbəkəsinin abunəçilərini şəbəkənin fəaliyyətində və ondan istifadə qaydalarında olan dəyişikliklər barəsində məlumatlandırır.

2.3. Bu Qaydalara riayət edilməsinə ümumi nəzarət tərkibində XDMX-nin Xüsusi Rabitəsinin, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya Resursları və Texnologiyaları Mərkəzinin, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının səlahiyyətli nümayəndələri olan Koordinasiya Şurası tərəfindən həyata keçirilir. Bu tərkib genişləndirilə bilər.

3. Domenlərin qeydiyyata alınması qaydaları

3.1. XDMX-nin Xüsusi Rabitəsi üçüncü səviyyəli *.GOV.AZ domenlərinin qeydiyyatını həyata keçirir və 1 və 2 nömrəli əlavələrə uyğun olaraq, onların inzibatlaşdırılması səlahiyyətlərini istifadəçiyə verir. Domenlərin qeydiyyatı və inzibatlaşdırılmaq üçün verilməsi haqqında müraciətlər mərkəzi və yerli dövlət orqanlarından bərabər əsaslarla qəbul edilir və baxılır.

3.2. Üçüncü səviyyəli *.GOV.AZ domenlərinin qeydiyyatı və inzibatlaşdırılmaq üçün verilməsi aşağıdakı qaydada həyata keçirilir:

AZSNET şəbəkəsinə qoşulması nəzərdə tutulan mərkəzi (yerli) dövlət hakimiyyəti orqanının aparatının rəhbərliyi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə (AZ1066; Bakı ş., Lermontov küçəsi, 68) üçüncü səviyyəli *.GOV.AZ domeninin qeydiyyata alınması və istifadəçiyə verilməsi barədə yazılı müraciət edir. Müraciətdə üçüncü səviyyəli domenin adı, birinci və ikinci səviyyəli DNS-serverlərin İP-ünvanları və adları, orqanın adı (Azərbaycan və ingilis dillərində), orqanda bu fəaliyyət istiqamətinə məsul olan şəxsin soyadı, domenin inzibatlaşdırılmasına məsul şəxslərin soyadları, onların əlaqə telefonlarının nömrələri, elektron poçt ünvanları göstərilməlidir. Eyni zamanda, AZSNET şəbəkəsinə qoşulması nəzərdə tutulan mərkəzi dövlət hakimiyyəti orqanı aparatının müraciəti noc@gov.az elektron poçt ünvanına göndərilməlidir (əlaqə telefonları: (+99412) 4351602, (+99412) 4351603). Domenin inzibatlaşdırılmaq üçün verilməsi haqqında qərar yalnız yuxarıda adları çəkilən hər iki müraciətin olduğu halda həyata keçirilir.

3.3. Müraciətin XDMX-nin Xüsusi Rabitəsinə daxil olması barədə məlumat onun daxil olduğu vaxtdan sonrakı bir iş günü ərzində müraciət edən orqana (təşkilata) göndərilir.

3.4. Daxil olmuş müraciətə 5 iş günü ərzində baxılır və qəbul edilmiş qərar barədə sənəd müraciət edən orqana (təşkilata) göndərilir.

3.5. Eyni adlı domenin qeydiyyata alınması barədə eyni iş günündə iki və ya daha çox ərizə daxil olduqda, həmin adlı domen qeydiyyatdan birinci keçmiş müraciət edənə verilir. Digər müraciət edən orqanlara 5 iş günü ərzində yeni domen adının XDMX-nin Xüsusi Rabitəsinə göndərilməsinin zəruriliyi barədə bildiriş göndərilir.

3.6. Bu Qaydalarla nəzərdə tutulmuş, habelə Koordinasiya Şurası tərəfindən müəyyənləşdirilmiş digər texniki tələblər yerinə yetirildikdən sonra 7 iş günü ərzində üçüncü səviyyəli domenin qeydiyyata alınması barədə qərar qəbul edilir.

3.7. Domenin qeydiyyata alınmasından sonra 30 gün ərzində müraciət edən orqan müraciətdə göstərilən DNS-serverlərin (“primary” və “secondary”) alınması və onların quraşdırılması barədə XDMX-nin Xüsusi Rabitəsinə məlumat verməlidir. Bundan sonrakı 10 iş günü ərzində XDMX-nin Xüsusi Rabitəsi GOV.AZ domeninə xidmət göstərən DNS-lərdə *.GOV.AZ subdomeninin qeydiyyata alınması və verilməsinin son mərhələsinə aid olan müvafiq tədbirləri (uppost_date) həyata keçirir.

3.8. Qeydiyyata alınmış subdomenin inzibatlaşdırılması həmin subdomenin inzibatçısı tərəfindən domenin idarə edilməsinə dair işlənib hazırlanmış tövsiyələrə və bu Qaydalara uyğun olaraq həyata keçirilir.

3.9. *.GOV.AZ subdomeni qeydiyyata alındıqdan sonrakı 30 gün ərzində müraciət edən orqan tərəfindən DNS-serverlərin quraşdırılması təmin edilməzsə, qeydiyyata alınmış subdomen ləğv olunur. Bundan sonra müraciət edən orqan ümumi əsaslarla subdomenin qeydiyyata alınması barədə təkrar müraciət edə bilər.

3.10. Domen adının müəyyənləşdirilməsi zamanı müraciət edən dövlət hakimiyyəti orqanının adının əsas götürülməsi tövsiyə olunur. Domen adı kimi təşkilatın qısaldılmış adını və ya fəaliyyətini əks etdirən söz seçilməlidir. Domen adı qısa, yadda qalan və beynəlxalq təcrübəyə uyğun olmalıdır. Domen adları kimi Azərbaycan və ingilis dillərində olan adlar seçilə bilər.

3.11. Domen adının qeydiyyata alınması zamanı müraciət edən orqan tərəfindən ticarət markalarının, mülkiyyət hüquqlarının və ya başqa təşkilatların adlarının istifadə edilməsi ilə əlaqədar yarana biləcək mübahisələrə görə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti məsuliyyət daşımır.

3.12. Bütün mübahisəli hallar müraciət edən orqan və ya GOV.AZ domeninin inzibatçısı tərəfindən Koordinasiya Şurası çərçivəsində müzakirəyə çıxarıla bilər. Koordinasiya Şurasının qərarı sadə səs çoxluğu ilə qəbul edilir.

3.13. Bu Qaydalar *.GOV.AZ domeninin inzibatlaşdırılmasını həyata keçirən abunəçi tərəfindən mütəmadi olaraq pozularsa, Koordinasiya Şurasının hər bir üzvü və ya GOV.AZ domeninin inzibatçısı subdomenin həmin orqan tərəfindən idarə edilməsinin ləğv olunması barədə məsələ qaldıra bilər. Bu məsələ üzrə müvafiq qərar qəbul edilərsə, domenin inzibatlaşdırılması vəzifəsi müvəqqəti olaraq XDMX-nin Xüsusi Rabitəsinin və ya Koordinasiya Şurasının digər üzvlərindən birinin üzərinə qoyulur. Zəruri hallarda Koordinasiya Şurasının növbəti iclasına qədər GOV.AZ domeninin inzibatçısı həmin vəzifəni müvəqqəti olaraq dayandıra və ya öz üzərinə götürə bilər.

4. Abunəçilərin AZSNET şəbəkəsinə qoşulması qaydaları

4.1. AZSNET şəbəkəsinin abunəçiləri (abunəçilər qrupu) Azərbaycan Respublikasının mərkəzi hakimiyyət orqanları, onların struktur hissələri və digər dövlət təşkilatları (ayrı-ayrı vəzifəli şəxslər də daxil olmaqla) ola bilərlər.

4.2. Abunəçilərin (abunəçilər qrupunun) AZSNET şəbəkəsinə ilkin qoşulması aşağıdakı üsullarla həyata keçirilir:

4.2.1. orqanın rəhbəri XDMX-yə AZSNET şəbəkəsinin informasiya-kommunikasiya resurslarına qoşulmaq üçün müraciət göndərir. Müraciətdə aşağıdakılar göstərilir:

– AZSNET şəbəkəsinin abunəçisi olacaq orqanın rəsmi adı (Azərbaycan və ingilis dillərində);

– AZSNET şəbəkəsinə qoşulma zərurətinin əsaslandırılması;

– orqanın lokal abunəçilərinin (hostlarının) sayı və internet (AZSNET) şəbəkəsinin zəruri xidmətlərinin siyahısı;

– orqanın internet (AZSNET) şəbəkəsinin digər abunəçiləri üçün açıq olan informasiya resurslarının siyahısı;

– AZSNET lokal şəbəkəsinin serverlərinin yerləşdirilməsi üçün ayrılan yerin ünvanı və kateqoriyalaşdırılması;

– yuxarıda göstərilən serverlərin inzibatlaşdırılmasına təyin olunan əməkdaşların adları, soyadları və telefon nömrələri;

4.2.2. XDMX-nin Xüsusi Rabitəsi sərəncamında olan texniki və maliyyə imkanlarına uyğun olaraq abunəçi ilə birlikdə AZSNET şəbəkəsinə qoşulma ardıcıllığını, kommunikasiyalara texniki qoşulmanın konkret variantını müəyyən edir, abunəçiyə zəruri olan avadanlıqların və proqram təminatının tərkibi barədə tövsiyələrini, identifikatorları və daxilolma parollarını verir.

4.3. Abunəçi orqan XDMX-nin Xüsusi Rabitəsinə öz abunəçilərinin qeydiyyat məlumatlarına dair dəyişikliklər (orqanın adının, strukturunun dəyişdirilməsi, iş yerinin ünvanının dəyişməsi, məsul şəxslərin dəyişməsi, AZSNET şəbəkəsindən ayrılma və s.) barədə vaxtında məlumat verməlidir.

4.4. Orqan tərəfindən tələb olunan internet (AZSNET) şəbəkəsinin informasiya-kommunikasiya resursları yalnız abunəçilər və serverlərin inzibatçıları tərəfindən internet şəbəkəsindən əldə edilmiş proqram məhsulu informasiya və informasiya-kommunikasiya sahibi tərəfindən elan edilmiş proqram məhsullarına və informasiyaya daxil olma, onlardan istifadə etmə və yayma qaydalarına riayət etmək üzrə öhdəliklər barədə sənəd imzalandıqdan sonra təqdim olunur (2 nömrəli əlavə).

5. GOV.AZ domeninə inzibatçılıq edilməsi qaydalarının dəyişdirilmə üsulu

GOV.AZ domeninin inzibatlaşdırılması Qaydalarına, habelə onunla əlaqədar sənədlərə dəyişikliklər və əlavələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə qəbul edilir. Yalnız abunəçi tərəfindən müvafiq öhdəlikləri əks etdirən müqavilə imzalandıqdan sonra, AZSNET şəbəkəsinin rəhbərliyi istifadəçiyə bu öhdəliklərin yerinə yetirilməsi şərti ilə internet şəbəkəsindən əldə etdiyi proqram məhsulu verə bilər və informasiya-kommunikasiya resurslarına daxil olmaq imkanları yarada bilər (2 nömrəli əlavə).

GOV.AZ domeninin inzibatlaşdırılması

Qaydalarına

1 nömrəli əlavə

*.GOV.AZ domenlərinin inzibatlaşdırılması üzrə tövsiyələr

1. Cari tövsiyələr GOV.AZ ünvan fəzasında ondan sonra gələn bütün səviyyəli domenlərin inzibatlaşdırılmasının üsullarını müəyyən edirlər.

2. Heç bir domenə münasibətdə “amirlik” və “sahiblik” münasibətlərinin tətbiq edilməsi yol verilmir. Domenin inzibatlaşdırılmasının əsas məqsədi DNS xidmətinin təqdim edilməsi üzrə vəzifələrin yerinə yetirilməsidir.

3. İstifadəsinə ünvan məkanı verilən domenin inzibatçısı bu sahədə zəruri bilik səviyyəsinə malik olmalı, DNS-nin konsepsiyalarını və beynəxalq RFC-1032, 1033, 1034 və 1591, habelə RIPE-007, 105, 114 və s. sənədlərdə göstərilən qaydaları bilməli və onlara riayət etməlidir.

4. DNS xidmətləri etibarlı, sabit və kəsilməz olaraq təmin edilməlidir. Subdomenlərin inzibatçıları bu DNS xidmətlərinin şəbəkənin cari vəziyyətinə uyğun olmasına görə cavabdehlik daşıyırlar. İnzibatçılar öz subdomenində hostların vəziyyətini bilməli, yaranan problemləri həll etmək üçün operativ tədbirlər görməlidirlər.

5. Subdomenin inzibatçısı öz funksiyalarını yerinə yetirmək üçün yuxarı səviyyəli domen inzibatçısı tərəfindən ona verilmiş müvafiq səlahiyyətlərə malikdir. Subdomenin inzibatçısı yuxarı səviyyəli domen inzibatçısının razılığı ilə öz səlahiyyətlərini müvəqqəti olaraq başqa inzibatçıya verə bilər.

6. Subdomenə inzibatçılıq səlahiyyətləri verilərkən mütləq inzibati və texniki əlaqə üçün ən azı 2 məsul şəxs müəyyən edilməlidir. Subdomen inzibatçılarından hər biri elektron poçt ünvanına malik olmalıdır.

7. İnzibatçılıq səlahiyyətləri üçüncü səviyyəli subdomenə yalnız onun birinci və ikinci DNS-serverlərə (“primary” və “secondary”) malik olduğu halda verilə bilər. Bu zaman DNS-serverlərinin hər biri internet şəbəkəsinə etibarlı İP-qoşulmaya malik olmalıdır. Zəruri halda subdomenin inzibatçısı öz “secondary” serverini yuxarı səviyyəli domenin “primary” DNS-serverində yerləşdirə bilər.

Qeyd. “Etibarlı İP-qoşulma” dedikdə, serverlə əlaqəsi sutka ərzində cəmi iki saatdan artıq olmamaqla, kəsilməyən qoşulma nəzərdə tutulur.

8. Subdomenə inzibatçılıq edilməsi səlahiyyətlərinin verilməsi üçüncü dərəcədən başlayaraq, bir DNS-server olduqda da mümkündür. Lakin subdomenin inzibatçısı bilməlidir ki, “secondary” serverinin olmaması elektron poçtun itirilməsinə gətirib çıxara bilər, belə ki, yuxarı səviyyəli domenin inzibatçısı buna görə məsuliyyət daşımır.

9. Bu tövsiyələrə riayət etməyən və şəbəkənin normal fəaliyyətini təmin etməyən və ya düzgün qurulmayan DNS-serverlərdən istifadə edən subdomenin inzibatçısının səlahiyyətləri yuxarı səviyyəli domenin inzibatçısı tərəfindən başqa orqana verilə və ya özündə saxlanıla bilər.

10. Subdomen qarşılıqlı razılaşma əsasında bir orqandan başqa orqana verildikdə, hər bir orqan bu barədə yekun qərar çıxaran yuxarı səviyyəli domenin inzibatçısına məlumat verməlidir.

GOV.AZ domeninin inzibatlaşdırılması

Qaydalarına

2 nömrəli əlavə

AZSNET şəbəkəsinin abunəçilərinin öhdəlikləri

1. AZSNET şəbəkəsi Ümumdünya İnternet Şəbəkəsinin bir hissəsidir və Azərbaycan Respublikasının mərkəzi və yerli dövlət hakimiyyəti orqanları arasında qarşılıqlı açıq informasiya mübadiləsində, habelə beynəlxalq informasiya mübadiləsində istifadə edilə bilər.

2. AZSNET şəbəkəsindən aşağıdakı məqsədlərlə istifadə edilə bilər:

2.1. Azərbaycan Respublikasında, həmçinin digər ölkələrdə fəaliyyət göstərən orqanlarla informasiya mübadiləsi həyata keçirilməsi üçün;

2.2. mərkəzi hakimiyyət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, habelə onların işçilərinin peşəkarlığının yüksəldilməsi üçün zəruri olan müxtəlif növlü məlumatların əldə edilməsi üçün;

2.3. nəticələrinin tətbiq edilməsi kommersiya və hərbi məqsədlərlə bağlı olmayan sosioloji, statistik və sair tədqiqatların aparılması üçün;

2.4. xidməti yazışmaların həyata keçirilməsi üçün;

2.5. Azərbaycan Respublikasına məxsus və beynəlxalq informasiya resurslarından istifadə etmək üçün.

3. Aşağıdakı məqsədlər üçün AZSNET şəbəkəsindən istifadə edilməsi qadağandır:

3.1. AZSNET şəbəkəsi vasitəsi ilə ondan istifadə edərək, özünə aid olmayan kommersiya fəaliyyətinin həyata keçirilməsi;

3.2. şəxsi mənafe və məqsədlər;

3.3. istənilən növ kommersiya reklamı;

3.4. Azərbaycan Respublikasının təhlükəsizliyinə, milli maraqlarına ziyan vura bilən fəaliyyət növləri ilə məşğul olmaq;

3.5. Azərbaycan Respublikasının qanunları ilə qadağan edilmiş fəaliyyət növləri ilə məşğul olmaq;

3.6. dövlət sirri təşkil edən və tərkibində yayılması məhdudlaşdırılmış xidməti informasiya işlənən, habelə məhdudlaşdırılmış daxilolma növlü informasiya yerləşən informasiya sistemlərini, rabitə şəbəkələrini və fərdi kompüterləri internet şəbəkəsinə qoşmaq.

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV