Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin www.mns.gov.az domen adlı İnternet resursunun monitoringinin nəticələri göstərir ki, saytda bəzi faydalı bilgilər olsa da onun dolğunluğu və tamlığı yetərli deyil. Bunu nəzərə alaraq həmin resursun işinin təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi ifadə etmək istərdik:
1. Yaxşı olardı ki, sayt ziyarətçilərinin nazirliklə və onun struktur bölmələri ilə əlaqə saxlaya bilməsi üçün onlayn forma, ayrı-ayrı vəzifəli şəxslərin e-poçt ünvanları, telefon və faks nömrələri veriləydi.
2. Nazirliyin struktur sxemi, eləcə də struktur vahidləri haqqında bilgilərin verilməsi də vacib məqamlar sırasındadır.
3. Təkcə nazirin biografiyasının verilməsi yetərli sayıla bilməz. Bura həm də ayrı-ayrı vəzifəli şəxslərin biografiyaları da əlavə edilməlidir.
4. Rəhbərlə əks əlaqə üçün imkanların göstərilməsi də tələb olunan bilgilər sırasındadır.
5. Nazirliyin fəaliyyəti barədə informasiyalar olsa da onların köhnəliyi dərhal diqqəti cəlb edir. Bu baxımdan yaxşı olardı ki, müvafiq sahəyə cavabdeh struktur bu məsələdə operativliyi təmin etsin.
6. Təəssüfləndirici haldır ki, nazirliyin büdcəsi və onun icrası haqqında saytda heç bir bilgi yoxdur. “İnformasiya əldə etmək haqqında” qanunun tələbinə görə bu cür informasiya mütləq resursda yerləşdirilməlidir.
7. Eyni fikri nazirlik tərəfindən təklif edilməli olan xidmətlər haqqında da demək olar. Bu barədə də informasiyanın verilməsi qanunun tələbləri sırasındadır.
8. Nazirlik və onun ayrı-ayrı struktur vahidlərin işə qəbul qaydaları və işə qəbulla bağlı elanların verilməsi də qanunun başqa bir tələbidir.
9. Sahə işçilərinin əmək haqlarının həddi və onların formalaşma yolları haqqında informasiyanın verilməsi məqsədəuyğun olardı.
10. Qəribə və təəccübləndirici bir hal da saytda vətəndaşların qəbulu ilə bağlı heç bir bilginin verilməməsidir. Halbuki belə informasiya olduqca zəruridir.
11. Saytda çatışmayan informasiyalar sırasında tender və müsabiqələr barəsində heç bir bilginin olmamasıdır. Şəffaflığın təmin edilməsi baxımından bu cür informasiyalar olduqca zəruridir.
12. Nazirliyin norma və qanun yaratma fəaliyyəti barədə də bilgilərin verilməsi zəruridir.
13. Saytın texniki imkanlarını genişləndirmək, xüsusən də abunə və əks əlaqə üçün şərait yaratmaq məqsədəuyğun olardı.