Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2011-ci il 28 dekabr tarixli
212 nömrəli qərarı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikasında mobil cihazların qeydiyyata alınması qaydasını və onlara telekommunikasiya şəbəkələrində xidmət göstərilməsinin xüsusiyyətlərini tənzimləyir.
1.2. Bu Qaydada istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. mobil operator – ümumi istifadədə olan telekommunikasiya şəbəkəsi daxilində müvafiq xüsusi razılıq (lisenziya) əsasında sellülar (mobil) xidmətlər göstərən telekommunikasiya operatoru;
1.2.2. mobil cihaz – mobil operatorların ümumistifadəli telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıq;
1.2.3. mobil cihazların qeydiyyat sistemi (bundan sonra – MCQS) – Azərbaycan Respublikasının telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların, bu Qaydada nəzərdə tutulmuş texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemi;
1.2.4. mobil cihaz üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə (İMEİ-International Mobile Equipment Identification);
1.2.5. mobil şəbəkə (abunəçi) nömrəsi (MSİSDN-Mobile Station Integrated Services Digital Network);
1.2.6. SİM kartın (abunəçinin identifikasiya (eyniləşdirmə) modulunun) seriya nömrəsi (İMSİ-International Mobile Subscriber Identity);
1.2.7. mobil cihaz tipinin təsdiq kodu (TAC-Type Approval Code).
1.3.Qeydiyyata alınmamış mobil cihazlar vasitəsilə ümumistifadəli telekommunikasiya şəbəkəsində telekommunikasiya xidmətlərindən istifadə aidiyyəti operatorlar tərəfindən bu Qaydada nəzərdə tutulmuş tələblərə uyğun məhdudlaşdırılır.
1.4.Bu Qayda Azərbaycan Respublikasının ərazisində beynəlxalq rouminq (xarici telekommunikasiya operatorunun abunəçisinin SİM kartı vasitəsilə Azərbaycan Respublikasında mobil operatorların şəbəkələrindən xidmət alması) xidmətindən istifadə edən abunəçilərə şamil olunmur.
2. MCQS-nin qurulması, idarə edilməsi və mobil operatorların şəbəkələrinin MCQS-lə uzlaşdırılması
2.1. MCQS Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən qurulur, Nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
2.2. MCQS-nin qanunvericiliyə və bu Qaydaya uyğun istismarını təmin etmək məqsədi ilə Nazirlik MCQS-nin qeydiyyat mərkəzinin (bundan sonra-qeydiyyat mərkəzi) fəaliyyətinə nəzarət edir və MCQS-nin idarə edilməsinin təkmilləşdirilməsinə dair müvafiq tədbirlər həyata keçirir.
2.3. Mobil operatorlar öz telekommunikasiya şəbəkələrinin MCQS-yə qoşulmasını təmin edir və MCQS-yə uyğunlaşdırmaq (uzlaşdırmaq) məqsədi ilə şəbəkələrindəki bütün texniki məsələləri həll edirlər. Mobil operatorlar quraşdıracaqları avadanlıqlar, proqram təminatları, sistemlərinin təhlükəsizlik məsələləri ilə bağlı xərcləri özləri ödəyirlər.
2.4. Qeydiyyatın aparılması üçün hər bir mobil operator öz müştəri xidmətlərini zəruri məlumatlarla təmin edir.
2.5 MCQS ilə əlaqədar mobil operatorun sistemlərində texniki nasazlıq yaranarsa, mobil operator belə nasazlığı 2 (iki) iş günü ərzində aradan qaldırmalıdır. Yaranmış texniki nasazlığın bu müddət ərzində aradan qaldırılması mümkün olmadıqda, mobil operator əsaslandırılmış səbəb və konkret müddət göstərilməklə, əlavə vaxt verilməsi barədə qeydiyyat mərkəzinə yazılı müraciət edir. Müraciət qeydiyyat mərkəzi tərəfindən 1 (bir) iş günü ərzində araşdırılır və uyğun olduğu halda tələb olunan müddət üzrə əlavə vaxt verilməsi barədə qərar qəbul edilərək, bu barədə mobil operatora yazılı məlumat verilir.
3. MCQS-dəki məlumatların tərkibi
3.1.MCQS-dəki məlumatların tərkibi mobil cihazların texniki identifikasiya məlumatlarından ibarətdir.
3.2.Mobil cihazların MCQS-də aşağıda göstərilən kateqoriyalar üzrə təsnifatı aparılır:
3.2.1. ağ səhifə – bu Qaydaya uyğun qeydiyyata alınmış (o cümlədən Beynəlxalq GSM Assosiasiyasının təyin etdiyi İMEİ nömrələri dəyişdirilməyən, təkrar İMEİ nömrələri olmayan) mobil cihazların İMEİ nömrələri;
3.2.2. qara səhifə – bu Qaydaya uyğun qeydiyyata alınmamış (o cümlədən qeyri-qanuni yolla ölkəyə gətirilən, itirilən, oğurlanan, İMEİ nömrələri Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin edilməyən, təkrar İMEİ nömrələri olan) mobil cihazların İMEİ nömrələri. Qara səhifədə olan mobil cihazlara mobil operatorların şəbəkələrində xidmət göstərilməsi məhdudlaşdırılır (uyğunlaşdırılmış səhifədə olan İMEİ nömrələri istisna olmaqla);
3.2.3. boz səhifə – mobil operatorların telekommunikasiya şəbəkəsindən xidmət alan, ağ səhifədə və ya qara səhifədə olmayan mobil cihazların İMEİ nömrələri. Boz səhifədə olan İMEİ nömrələri araşdırma nəticəsinə uyğun olaraq ağ səhifəyə və ya qara səhifəyə daxil edilir. Qeydiyyat mərkəzi boz səhifəyə daxil edilmiş İMEİ nömrələrinin müəyyən edilməsi məqsədi ilə operatorlardan məlumat əldə edir.
3.3. Uyğunlaşdırılmış ağ səhifəyə aşağıdakılar daxildir:
3.3.1. İMEİ nömrəsinin dəyişdirildiyi müəyyən edilən və ya Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin edilməyən mobil cihazların İMEİ nömrələri və belə İMEİ nömrələrlə uyğunlaşdırılmış mobil (sellülar) nömrələr;
3.3.2. mobil operatorla müqavilə bağlayan və Azərbaycan Respublikasında müvəqqəti olan abunəçilərin Azərbaycan Respublikasından kənarda əldə olunmuş mobil cihazlarının İMEİ nömrələri və belə İMEİ nömrələri ilə uyğunlaşdırılmış mobil (sellülar) nömrələr;
3.3.3. mobil operatorlar tərəfindən test məqsədi ilə istifadə edilən mobil cihazların İMEİ nömrələri və belə İMEİ nömrələri ilə uyğunlaşdırılmış mobil (sellülar) nömrələr.
Uyğunlaşdırılmış ağ səhifədə olan bütün İMEİ nömrələri, eyni zamanda qara səhifədə də olur. İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar yalnız uyğunlaşdırıldığı mobil (sellülar) telefon nömrələri ilə istifadə edilir.
Mobil (sellülar) telefon nömrələri MCQS-də qeydiyyatda olan mobil cihazlarla işləyə bilər.
4.Mobil cihazların qeydiyyata alınması üçün müraciət etmə üsulları
4.1.Satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları ölkəyə idxal edən bütün hüquqi və fiziki şəxslər idxal etdikləri mobil cihazların markaları, modelləri, sayı və İMEİ nömrələri barədə məlumatlar qeyd edilmiş ərizə formasını (1 nömrəli əlavə) dolduraraq, aşağıdakı sənədlər də əlavə edilməklə, qeydiyyat mərkəzinə təqdim edirlər:
4.1.1. ərizəçi hüquqi şəxs olduqda, dövlət qeydiyyatı barədə sənədin surəti;
4.1.2. ərizəçi fiziki şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
4.1.3. ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;
4.1.4. uyğunluq sertifikatının surəti.
4.2.Ölkə ərazisində istehsal edilmiş mobil cihazların qeydiyyatı ilə bağlı istehsalçılar istehsal etdikləri mobil cihazların markaları, modelləri, sayı, İMEİ nömrələri, istehsal tarixləri barədə məlumatlar qeyd edilmiş ərizə formasını (2 nömrəli əlavə) dolduraraq, bu Qaydanın 4.1.1-ci, 4.1.2-ci, 4.1.3-cü və 4.1.4-cü yarımbəndlərində göstərilən sənədlər də əlavə edilməklə, qeydiyyat mərkəzinə təqdim edirlər.
Ölkə ərazisində istehsal zamanı yeni TAC istifadə edildikdə, istehsalçı mobil cihazın marka, model, TAC və TAC xanasının sayı barədə məlumatları ərizəyə əlavə edir.
4.3.Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması üçün həmin mobil cihazı ölkəyə gətirən şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə, yaxud poçt şöbəsinə müraciət edilir. Müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənədin əslini (xarici ölkənin vətəndaşı olduqda isə pasportunun əslini) qeydiyyat mərkəzinə (mobil operatorların müştəri xidmətlərinə və ya poçt şöbəsinə) baxış üçün təqdim edir, gətirdiyi mobil cihazın markasını, modelini və İMEİ nömrəsini bildirməklə yanaşı, mobil cihazının qeydiyyata alınması üçün ərizə formasını (3 nömrəli əlavə) doldurur.
4.4.Qeydiyyat mərkəzinin (mobil operatorların müştəri xidmətlərinin və ya poçt şöbəsinin) nümayəndəsi müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surətini çıxarır və həmin surətə əsli ilə düzdür möhürünü vurur.
4.5.Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması üçün mobil operatorların müştəri xidmətlərinin və ya poçt şöbələrinin nümayəndələri tərəfindən qəbul edilən sənədlər isə dərhal elektron formaya çevrilərək, qeydiyyat mərkəzinə göndərilir. Mobil operatorların müştəri xidmətləri və ya poçt şöbələri tərəfindən qəbul edilən sənədlərin əsl nüsxələrinin isə 2 (iki) iş günü ərzində qeydiyyat mərkəzinə çatdırılması təmin edilir.
4.6.Poçt vasitəsilə ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması üçün mobil cihazı poçt vasitəsilə alan şəxs tərəfindən şəxsiyyətini təsdiq edən sənədi, poçtla gətirilməsi barədə müvafiq sənədləri, alınmış mobil cihazın marka və modelini, həmçinin İMEİ nömrəsini qeydiyyat mərkəzinə (mobil operatorların müştəri xidmətlərinə və ya poçt şöbəsinə) təqdim edir və mobil cihazının qeydiyyata alınması üçün ərizə formasını (3 nömrəli əlavə) doldurur.
4.7.Ərizə müraciət edən hüquqi şəxsin və ya fiziki şəxsin seçimi ilə aşağıdakı qaydada qeydiyyat mərkəzinə təqdim edilir:
4.7.1. şəxsi müraciəti ilə;
4.7.2. qanunvericiliyə uyğun səlahiyyəti olan (müvəkkil edilmiş) nümayəndənin şəxsən müraciəti ilə;
4.7.3. sifarişli (xəbərvermə ilə) poçt göndərişi və ya kuryer vasitəsilə;
4.7.4. elektron imza ilə imzalanmış ərizənin qeydiyyat mərkəzinin elektron poçt ünvanına göndərilməsi ilə;
4.7.5. qeydiyyat mərkəzinin elektron informasiya sisteminə qoşulmuş hüquqi şəxsin və ya fiziki şəxsin məlumat mübadiləsinin təhlükəsizliyini təmin edən ayrıca telekommunikasiya kanalı (bağlantısı) vasitəsilə məlumatların yüklənməsi yolu ilə.
4.8. Müraciət poçtla göndərildikdə, hüquqi şəxsin dövlət qeydiyyatı barədə sənədinin və ya fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti, elektron poçtla göndərildikdə isə elektron imza ilə təsdiq edilmiş elektron nüsxələri əlavə edilməlidir.
Qeydiyyat mərkəzi tərəfindən digər müraciət etmə üsulları müəyyən edilə bilər.
5.Mobil cihazların qeydiyyatı
5.1.Satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları ölkəyə idxal edən hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilmiş məlumatlar qeydiyyat mərkəzi tərəfindən 3 (üç) iş günü ərzində araşdırılır və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən MCQS-ə elektron formada göndərilən İMEİ nömrələri ilə müqayisə edilir. Sənədlərdə çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə və bu Qayda ilə müəyyən olunmuş tələblərə riayət edildikdə, ərizədə göstərilmiş İMEİ nömrələri dərhal ağ səhifəyə daxil edilir və bu barədə ərizəçiyə qeydiyyat mərkəzi tərəfindən yazılı məlumat verilir.
5.2.Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması üçün təqdim edilmiş məlumatlar qeydiyyat mərkəzi tərəfindən 3 (üç) iş günü ərzində araşdırılır və sənədlərdə çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə və bu Qayda ilə müəyyən olunmuş tələblərə riayət edildikdə, ərizədə göstərilmiş İMEİ nömrələri dərhal ağ səhifəyə və ya uyğunlaşdırılmış ağ səhifəyə daxil edilir və bu barədə abunəçiyə məlumat verilir.
5.3.Ərizədə göstərilmiş İMEİ nömrəsinin ağ səhifədə olduğu və ya onun surətinin köçürüldüyü aşkar edilərsə, həmin İMEİ nömrəsi dərhal qara səhifəyə daxil edilir və bu barədə müraciət edən şəxsə (onun nümayəndəsinə) səbəb göstərilməklə, qeydiyyat mərkəzi tərəfindən rəsmi məlumat göndərilir. Mobil cihaz istifadə edildiyi halda isə abunəçiyə aidiyyəti mobil operator tərəfindən qısa mesaj göndərilir. Məlumatın göndərilməsi üsulu onun çatdırılmasını təmin etməlidir.
5.4.Mobil operatorlar şəbəkələrində abunəçinin mobil (sellülar) nömrələri ilə uyğunlaşdırılaraq, istifadə edilən mobil cihazlar istisna olmaqla, qara səhifəyə daxil edilmiş İMEİ nömrələri üzrə mobil cihazların fəaliyyətini həmin İMEİ nömrələri qara səhifəyə daxil edildiyi vaxtdan 24 (iyirmi dörd) saat ərzində məhdudlaşdırırlar. Mobil cihazın fəaliyyətinin məhdudlaşdırılması dedikdə, telekommunikasiya şəbəkəsində mobil cihaz vasitəsilə istənilən telekommunikasiya xidmətindən istifadənin texniki cəhətdən qeyri-mümkün edilməsi nəzərdə tutulur.
5.5.İMEİ nömrəsi ağ səhifədə və ya uyğunlaşdırılmış ağ səhifədə qeydiyyatda olan mobil cihazda istifadə olunan mobil (sellülar) nömrənin abunəçisi mobil cihazın itirildiyi, yaxud oğurlandığı halda, həmin mobil cihaza mobil operatorların şəbəkələrindən xidmət göstərilməsinin məhdudlaşdırılması üçün qeydiyyat mərkəzinə və ya onun məlumat-sorğu xidmətinə müraciət edə bilər.
5.6.Mobil cihaza mobil operatorların şəbəkələrindən xidmət göstərilməsinin məhdudlaşdırılması üçün müraciət edən abunəçi şəxsiyyət vəsiqəsini (xarici ölkənin vətəndaşı olduqda pasportunu) qeydiyyat mərkəzinə təqdim edir, mobil (sellülar) nömrəsini və ya mobil cihazının İMEİ nömrəsini bildirir.
5.7.Mobil cihaza mobil operatorların şəbəkələrindən xidmət göstərilməsinin məhdudlaşdırılması üçün müraciət edən şəxs tərəfindən verilmiş məlumatlar qeydiyyat mərkəzində MCQS-də qeydiyyatda olan məlumatlarla müqayisə olunur və uyğunsuzluq aşkar edilmədiyi halda, mobil cihazın İMEİ nömrəsi dərhal qara səhifəyə daxil edilir.
Mobil cihazın mobil operatorların ümumi istifadədə olan telekommunikasiya şəbəkələrində yenidən istifadə edilməsi üçün abunəçi qeydiyyat mərkəzinə müraciət edir. Həmin şəxs tərəfindən verilən məlumatlar qeydiyyat mərkəzində mövcud olan məlumatlarla müqayisə edilir və uyğunsuzluq aşkar edilmədiyi halda, belə mobil cihazın İMEİ nömrəsi qara səhifədən çıxarılaraq ağ səhifəyə daxil edilir.
5.8. Zərurət yarandıqda, qeydiyyat mərkəzi identifikasi (eyniləşdirmə) kodu dəyişdirilmiş mobil cihazların İMEİ nömrələrinin müəyyənləş-dirilməsi məqsədi ilə abunəçinin mobil (sellülar) nömrəsinin MSİSDN-i və İMSİ barədə mobil operatorlardan məlumat əldə edir.
5.9.İMEİ nömrəsi bir və ya bir neçə başqa cihaza köçürülmüş mobil cihazı ilk olaraq istifadə etmiş abunəçinin (onun mobil (sellülar) nömrəsinin) müəyyənləşdirilməsi üçün həmin cihazın İMEİ nömrəsi qara səhifəyə daxil edildiyi tarixdən, bir qayda olaraq, 3 (üç) ay əvvələ qədər olan dövr üzrə bütün mobil operatorlara aid İMEİ, MSİSDN və İMSİ qeydlərinin təhlili aparılır.
5.10.Abunəçilər mobil cihazların qeydiyyata alınması və digər məsələlər barədə məlumatları qeydiyyat mərkəzi tərəfindən yaradılan internet informasiya ehtiyatından əldə edə bilərlər. Həmin internet informasiya ehtiyatında İMEİ nömrələrinin qeydiyyatda olub-olmaması yoxlanıla bilər.
6.Yekun müddəalar
6.1.Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə mövcud qanunvericiliyə müvafiq olaraq gətirilən hər bir mobil cihazın İMEİ nömrəsi ən geci 30 (otuz) gün müddətində bu Qaydaya uyğun qeydiyyatdan keçirilməlidir.
6.2.MCQS-nin qurulduğu tarix Nazirlik tərəfindən mobil operatorlara bildirildikdən sonra, mobil operatorlar bu Qaydaya uyğun mobil cihazların qeydiyyata alınmasının tətbiqinə başlayırlar.
6.3.MCQS-nin istismarına başlandığı tarixdən etibarən ölkəyə idxal olunan bütün mobil cihazların qeydiyyata alınması bu Qaydaya uyğun olaraq həyata keçirilir.
6.4.MCQS-nin istismarına başlanıldığı tarixədək mobil operatorların şəbəkələrində istifadə edilən mobil cihazların İMEİ nömrələri qeydiyyat mərkəzi tərəfindən mobil operatorların təqdim etdikləri məlumatlar əsasında ağ səhifəyə daxil edilir.
6.5.MCQS-də qeydiyyata alınmış mobil cihazların istifadəçiləri dəyişdikdə, həmin cihazların təkrar qeydiyyatı tələb olunmur.
6.6. MCQS mobil cihazların İMEİ nömrələrinin qeydiyyata alınmasını qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilmiş qaydada formalaşan müvafiq məlumat bazası üzərində təşkil edir və ümumi məlumat bazasından Dövlət Gömrük Komitəsinin istifadəsini təmin edir.