"Fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatı ləğv edildikdə, həmin informasiya sistemində olan məlumatların məhv edilməsi Qaydası"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
Qərar № 238
Bakı şəhəri, 17 dekabr 2010-cu il
"Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 275 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatı ləğv edildikdə, həmin informasiya sistemində olan məlumatların məhv edilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə
Fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatı ləğv edildikdə, həmin informasiya sistemində olan məlumatların məhv edilməsi
Qaydası
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 17 dekabr tarixli 238 nömrəli qərarı
ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatı ləğv edildikdə, həmin informasiya sistemində olan məlumatların məhv edilməsi Qaydası (bundan sonra – Qayda) "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 275 nömrəli Fərmanına əsasən hazırlanmışdır.
1.2. Bu Qayda dövlət qeydiyyatı ləğv edilmiş informasiya sistemlərində olan fərdi məlumatların məhv edilməsi qaydasını müəyyən edir.
1.3. Bu Qayda yalnız "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununa əsasən dövlət qeydiyyatına alınmış informasiya sistemlərində olan fərdi məlumatların bütün növ daşıyıcılarına şamil edilir.
1.4. Zəruri hallarda fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin operatoru (bundan sonra – Reyestr operatoru) fərdi məlumatların məhv edilməsinin həyata keçirilməsini müşahidə edir.
2. İnformasiya sistemində olan məlumatlara qadağa qoyulması
2.1. İnformasiya sisteminin dövlət qeydiyyatının ləğv edilməsi haqqında məlumat Reyestrin operatoru tərəfindən fərdi məlumatların mülkiyyətçisinə (bundan sonra – mülkiyyətçi) və ya fərdi məlumatların operatoruna (bundan sonra – operator) çatdırıldıqdan dərhal sonra mülkiyyətçi və ya operator həmin informasiya sistemi ilə əlaqədar aşağıdakı ilkin tədbirləri yerinə yetirir:
– fərdi məlumatların toplanılmasını, işlənilməsini, yayılmasını və verilməsini dayandırır;
– digər informasiya sistemləri ilə əlaqəni kəsir;
– informasiya sisteminə girişə qadağa qoyur;
– yerinə yetirilmiş ilkin tədbirlər haqqında Reyestr operatorunu yazılı surətdə məlumatlandırır.
2.2. Fərdi məlumatların məhv edilməsi başa çatanadək onların mühafizəsi mülkiyyətçi və ya operator tərəfindən təmin edilməlidir.
3. Fərdi məlumatların məhv edilməsi
3.1. İnformasiya sistemində olan fərdi məlumatlar təxirəsalınmadan məhv edilir. Fərdi məlumatların məhv edilməsi müstəsna hallarda Reyestr operatoru tərəfindən müvəqqəti dayandırıla bilər.
3.2. İnformasiya sistemində olan məlumatların məhv edilməsi mülkiyyətçi və operator tərəfindən həyata keçirilir.
3.3. İnformasiya sistemində olan fərdi məlumatların məhv edilməsi aşağıdakı üsullarla həyata keçirilir:
– kağız informasiya daşıyıcısının müvafiq doğrama maşınları vasitəsilə məhv edilməsi;
– kağız informasiya daşıyıcısının yandırılması;
– kağız informasiya daşıyıcısının kimyəvi məhlullar vasitəsilə məhv edilməsi;
– elektron informasiya daşıyıcısının mexaniki təsir üsulu ilə məhv edilərək bərpası mümkün olmayan vəziyyətə salınması;
– elektron informasiya daşıyıcısının bərpası mümkün olmayan qaydada formatlanması;
– xüsusi proqram təminatı vasitəsilə elektron informasiya daşıyıcısında olan məlumatların bərpası mümkün olmayan qaydada silinməsi.
3.4. İnformasiya sistemində olan fərdi məlumatların məhv edilməsi üsulları mülkiyyətçi və ya operator tərəfindən bu Qaydaya uyğun olaraq müəyyənləşdirilir.
3.5. Məhvetmə zamanı mərhələli şəkildə bir neçə üsuldan istifadə edilə bilər.
3.6. İnformasiya sistemində və ya həmin sistemdən kənarda fərdi məlumatların ehtiyat nüsxəsi mövcud olarsa, belə nüsxələr də bu Qaydaya uyğun olaraq məhv edilir.
3.7. Fərdi məlumatların məhv edilməsi seçilmiş üsula dair qanunvericiliklə müəyyən edilmiş təhlükəsizlik tələblərinə riayət olunaraq həyata keçirilməlidir.
3.8. İnformasiya sistemində olan fərdi məlumatların məhv edilməsi xərcləri mülkiyyətçi tərəfindən ödənilir.
3.9. İnformasiya sistemlərində olan məlumatların bu Qaydaya uyğun məhv edilməsi ən geci beş iş günü müddətində başa çatdırılmalı, məhvetməni həyata keçirmiş və ona nəzarət etmiş şəxslər tərəfindən fərdi məlumatların məhv edilməsi üçün sərf olunmuş müddət, məhvetmə zamanı həyata keçirilmiş tədbirlər, məhvetmənin yeri, üsulu (üsulları), məhvetməni həyata keçirmiş və ona nəzarət etmiş şəxslər, informasiya sistemində qalan fərdi məlumatların kateqoriyası və informasiya sistemində məhv edilməmiş məlumatların saxlanılma səbəbləri göstərilməklə aktlaşdırılmalı və həmin aktın bir nüsxəsi Reyestr operatoruna təqdim edilməlidir.
3.10. Zərurət olduğu hallarda mülkiyyətçi və operator məhvetmə müddətinin uzadılması barədə Reyestr operatoruna müraciət edə bilər. Bu zaman məhvetmə müddətinin uzadılması üçün əsaslar Reyestrin operatoruna təqdim edilir.