Azərbaycan İnternet Forumu (AİF) parlamentin Cinayət Məcəlləsinə İnternetdə böhtan və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan dəyişiklikləri qəbul etməsi ilə bağlı bəyanat yayıb. AİF bunu ölkədə İnternet azadlığına qarşı təhlükə kimi dəyərləndirir. Bəyanatda deyilir ki, demokratik ənənələri yetərli olmayan ölkələrdə bu tip addımlar sonda senzuraya gətirib çıxarır. Digər tərəfdən, bir sıra populyar informasiya resursları xarici domenlər altında və xarici hostinqlərdə fəaliyyətə keçəcəyi, resursların və ya istifadəçilərin anonim adlar altında fəaliyyətə üstünlük verəcəkləri istisna olunmur.
“Bütün bunlar ölkədə normal informasiya infrastrukturunun, dayanıqlı informasiya cəmiyyətinin qurulmasına, milli İnternet seqmentinin inkişafına əngəllər yaradacaq”, – bəyanatda vurğulanır. Bundan əlavə, bu qanunun qəbulu hüquq-mühafizə orqanlarının resurslarını daha mühüm işlərdən, o cümlədən kibercinayətkarlıqla mübarizədən yayındıra bilər. Dəyişikliklər dövlətin İKT-nin inkişafı, 2013-cü ilin “İKT ili” elan edilməsi, İnternetin inkişafı üçün büdcədən milyonlarla vəsaitin ayrılması üzrə siyasəti ilə ziddiyyət təşkil edir. AİF ümid edir ki, sözügedən məhdudlaşdırıcı düzəlişlər prezident tərəfindən təsdiqlənməyəcək.
Turan
bizimyolinfo.com