Hörmətli ziyarətçilər. Artıq gördüyünüz kimi layihə çərçivəsində həyata keçirdiyimiz monitoring demək olar ki, bütün dövlət qurumlarını və bir sıra neft şirkətlərini əhatə edib. Gəlinən qənaət budur ki, əksər dövlət qurumları bu və ya başqa şəkildə İnternetin verdiyi imkanlardan yararlanmağa cəhd edir. Onların arasında bu işə ürəkdən çalışanlar olduğu kimi sadəcə plan xatirinə yanaşanlar da var. Hətta bəzi dövlət qurumlarının İnternet saytları ümumiyyətlə fəaliyyətdən kənardır ki, onlar haqqında da ayrıca söhbət olacaq. Bununla belə biz ilkin olaraq bu qənaətə gəlirik ki, gec də olsa dövlət qurumlarımız və bütövlükdə Azərbaycan dövləti vətəndaşların informasiya təminatını yaxşılaşdırmaq üçün çalışır və yaxşı nəticələr haqqında danişmaq da olar.Dövlət qurumlarından fərqli olaraq neft şirkətləri haqqında o qədər də yaxşı qənaət hasil olmur. Hətta bir sıra xarici neft şirkətləri var ki, Azərbaycanda fəaliyyət göstərmələrinə baxmayaraq ölkəmizlə bağlı, daha doğrusu ölkəmizdəki fəaliyyətləriylə bağlı öz İnternet resurslarında o qədər də geniş informasiya yerləşdirmirlər.Bütün bunlar və monitoringin sonucları haqqında daha ayrıntılı bilgini sentyabr ayına sizlərə təqdim etmək fikrindəyik. Burada siz yenə də reyting cədvəli ilə tanış olacaq, dövlət qurumları və neft şirkətlərinin informasiya ehtiyatları ilə necə davranmasına verilən qiymətləri öyrənə biləcəksiniz. Sentyabra qədər olan dövrdə isə İnternet resursları fəal olmayan qurumların fəaliyyətini nəzarətdə saxlamağa çalışacağıq.