Biləsuvar Rayon İcra Hakimiyyəti www.bilesuvar.gov.az domen adlı İnternet resursu ilkin görünüş olaraq normal görünsə də informasiyalar baxımından və bir sıra bölmələr üzrə bilgi çatışmazlığı təəssüf ki, diqqət çəkir. Bir çox bölmələrin boş olması və əsas təqdim edilməsi gərəkli olan bilgilərin isə təqdim edilməməsi saytda gözdən qaçmır. Saytın ümumi mənzərəsi aşağıdakı kimidir.
1. Rayon haqqındakı bilgilər kifayət qədər sayılsa da, qurum haqqındakı yeganə bilgi qurumun rəhbəri haqqında verilmiş qısaca bilgidir. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri barədə isə heç bir məlumat verilmir.
2. Saytda ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları verilir. Lakin quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərər rast gəlinmir.
3. Rayon İcra Hakimiyyətinin strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlar saytda öz əksini tapmır. Burada yalnız qurumunun alt bölmələri və regional strukturu və struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar barədə qısaca bilgilər verilir.
4. Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında qısaca da olsa bilgilər təqdim edilir. Lakin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.
5. Cari informasiyalar baxımından da sayt zəngin sayıla bilməz. Təqdim edilmiş ən son məlumatlar cari ilin mart ayına aiddir. Həmçinin qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da saytda yoxdur.
7. Rayon İcra Hakimiyyətinin təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları nə də, qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları orta səviyyədədir. Onlayn müraciət forması təqdim olunsada abunə imkanı yoxdur.