Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti İnternet resursu ilkin görünüş olaraq normal görünsə də informasiyalar baxımından və bir sıra bölmələr üzrə bilgi kasadlığı baxımından diqqət çəkir. Bir çox bölmələrin boş olması və təqdim edilməsi gərəkli olan bilgilərin olmaması gözdən qaçmır. Saytın ümumi mənzərəsi aşağıdakı kimidir.
1. Rayon haqqındakı bilgilər kifayət qədər olsa da, qurum haqqındakı bilgi qurumun rəhbəri haqqında verilmiş qısa məlumatla kifayətlənir. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri barədə isə heç bir məlumat verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün nə qurumun ünvanı, nə telefon və faks nömrələri, nə e-poçt ünvanları verilmir, nə də səlahiyyətli şəxslərin qəbul saatları göstərilmir. Sadəcə qəbul günləri göstərilməklə kifayətlənilib. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara rast gəlinmir.
3. Qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar olsa da, onlala əlaqə nəmrələri, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlar saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında qısacada olsa bilgilər təqdim edilir. Lakin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.
5. Cari informasiyalar baxımından sayt zəngin sayıla bilər. Təqdim edilmiş ən son məlumatlar cari ilin sentyabr ayına aiddir. Amma bununla yanaşı qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da saytda yoxdur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri haqda bilgilər var. Burada nə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları nə də, qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.