Hacıqabul Rayon İcra Hakimiyyəti www.haciqabul-ih.com domen adlı İnternet resursu gərəkli məlumatlar baxımından qismən zəngin sayt hesab etmək olar. Gərəkli bilgilərlə yanaşı cari informasiyaların yerləşdirilməsi diqqətdən qaçmır. Amma quruma daha öncə rəhbərlik etmiş şəxslər haqqında, şəffaflıq baxımından gərəkli olan büdcə bilgiləri, tender və yarışmalar, işə qəbullla bağlı bilgilər saytda yer almamışdır. Sayt görünüşünə görə aşağıdakı kimidir.
1. Rayon haqqındakı tam və dolğun bilgilər saytda öz əksini tapır. Qurum haqqında verilmiş yeganə məlumat isə icra hakimiyyətinin başçısı haqqındakı bilgilərdir. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə və qurumun əsasnaməsi haqqında isə heç bir məlumat saytda əks etdirilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları göstərilir. Lakin qurumunun ünvanının marşrut və sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilər təqdim edilmir.
3. Qurumun strukturunun sxemi, qurumunun alt bölmələri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar təqdim olunsa da, struktur bölmələrinin səlahiyyət çərçivələri və struktur bölmələrinin dəqiq (tam) ünvanları barədə bilgilərə rast gəlinmir.
4. Rəhbər və rəhbər işçilər haqqında verilən bilgilər sırasında icra hakimiyyətinin başçısının bioqrafiyası, rəhbər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Yəni bu bölməni yetərli saymaq olar. Burada çatışmayan yalnız struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərdir.
5. Cari informasiyalar baxımından saytda daimilik nəzərə çarpır, amma intervallarla. Lakin qurumdaxili əmrlər, sərəncamlar, qərarlar və rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər təqdim edilmir.
6. Ümumi dövlət büdcəsi ilə bağlı qurumun büdcəsi, onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar əks etdirilmir.
7. Saytda nə qurumunun təklif etməli olduğu mütləq və əlavə xidmətlər, nə elektron formada təklif olunan xidmətlər, nə də qaynar xətt barədə məlumat verilmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı heç bir bilgi verilmir.
9. Təəssüf ki, qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat yoxdur.
10. Vətəndaşların qəbulu ilə bağlı qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər saytda öz əksini tapsa da, vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları və qurumda vətəndaşların qəbul qaydaları barədə heç bir bilgiyə rast gəlinmir.
11. Tender və yarışmalar haqqında saytda hər hansı bir bilgi verilmir.
12. Sayt texniki imkanlar baxımından normal sayıla bilər. Saytda onlayn müraciət forması təqdim olunsa da abunə imkanı və sayt daxilində axtarış mövcud deyil.