Azərbaycan Respublikası Milli Məclisinin www.meclis.gov.az ünvanlı İnternet saytı, icmal hissədə də qeyd etdiyimiz kimi, əvvəlki illərlə müqayisədə xeyli irəli gedə bilib. Saytın daha dolğun və daha təkmil olması dərhal diqqəti cəlb edir. Üstəlik, e-xidmətlərin verilməsi də onun üstünlüklərindən biridir. Bununla belə, saytda xeyli çatışmazlıqlar da müşahidə edilməkdədir. Bu çatışmazlıqlar isə daha çox bilgi içəriği ilə bağlıdır. Yəni saytın texniki şərtləri gərəkli bilgiləri lazım olan şəkildə təqdim etməyə imkan verir. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalar yetərli sayılacaq qədərdir. Bunun üçün də əlavə bir tövsiyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər əlaqə bölməsinin və sosial şəbəkələrdə səhifəsinin olması nəticəsində bu bölmə dolğunlaşmış olar.
3. Qurumun strukturunun ümumi sxeminin olmaması çatışmayan bilgilər sırasındadır. Yaxşi olardı ki, strukturun ümumi sxemi təqdim edilsin.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin və qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilərin təqdim edilməsini nəzərə alsaq, bu bölmə haqda əlavə tövsiyəyə ehtiyac duyulmur.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək yoxdur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar təqdim edilir. Lakin təqdim edilmiş informasiyalar sırasına qurumun təklif etdiyi əlavə xidmətlər haqqında da bilgilərin əlavə edilməsi lazımlıdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında işə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin verilməsi tövsiyə olunur.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgiləri təqdim edildiyi üçün əlavə tövsiyə verilmir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bilgilərin verilməsi də faydalı olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır.
13. Saytın texniki imkanları sırasına abunə imkanının və sosial şəbəkələrdəki səhifəsinin qurulmasına ehtiyac duyulur. Məhz, qurumun fasebook sosial şəbəkəsində rəsmi səhifəsinin olmaması səbəbindəndir ki, qurumun adı ilə 4 saxta profil fəaliyyət göstərir. Bu məsələyə diqqət ayrılması tövsiyə olunur.