Azərbaycan Respublikasının Hesablama Palatasının www.ach.gov.az. ünvanlı İnternet saytı, demək olar ki, yetərli və dolğun bilgi təqdim edir. Saytda bu sahəyə aid xidmət haqqında kifayət qədər bilgilər yer alıb. Saytın istifadəsi rahatdır. Burada sahə ilə bağlı bütün məlumatlara rast gəlmək mümkündür. Qurumun tarixi, ünvanı, ünvana gəlmək üçün marşrutlar, rəhbərlik haqqında ətraflı məlumatlar, vətəndaşların qəbul günləri və qaydaları, dövlət qulluqçusunun etik davranışı, onlayn və telefon, faks əlaqələri, sosial şəbəkələrdə səhifələrinin olması baxımından qurumun internet resursunu yüksək dəyərləndiririk. Amma saytda bəzi bölmələr boşdur ki, həmin bölmələrə də məlumatlar qoyulsa, saytı tam dolğun hesab etmək olar. Bu da komissiyanın vakant yerləri, sahə işçilərinin əmək haqları, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları ilə, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya ilə bağlıdır. Beləliklə, saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:
1. Qurum tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərliyi haqda kifayət qədər dolğun bilgi verilir. Kollegiya haqqında da eyni sözləri demək mümkündür.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi haqqında bilgi verilir. Həmçinin, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də məlumatlar öz əksini tapmışdır.
3. Qurumun strukturu barədə də bilgi təqdim edilmişdir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları də təqdim edilən məlumatlar sırasındadır.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar; quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Bundan başqa, qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla); qurumun həyata keçirdiyi proqram və layihələr barədə də kifayət qədər bilgi göstərilir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda məlumat yer tutur.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi geniş əks etdirilir. Həmçinin, qurum tərəfindən təklif edilən əlavə xidmətlər də mövcuddur.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilməyən bilgilər sırasındadır.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgi təqdim edilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də məlumatlar mövcuddur.
11. Daha bir əks etdirilən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi saytda öz əksini tapmışdır. Yeganə təqdim edilməyən bilgi tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarıdır.
12. Qurumunun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər də saytda öz əksini tapmışdır.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Sosial şəbəkələrdə səhifələrinin oması və abunə imkanının mövcudluğu təqdirəlayiq haldır.