Azərbaycan Respublikası Azərsu ASC-nın www.azersu.az. domen adlı İnternet saytını dolğun saymaq olar. Saytda bu sahəyə aid xidmət haqqında çox geniş bilgilər yer alıb. Saytın istifadəsi rahatdır. Burada sahə ilə bağlı vacib məlumatlara rast gəlmək mümkündür. Elektron xidmətlər bölməsinin ayrıca təqdim edilməsi, qurumun tarixi, ünvanı, rəhbər haqqında ətraflı məlumatlar, vətəndaşların qəbul günləri və qaydaları, dövlət qulluqçusunun etik davranış qaydaları, qaynar xətt, onlayn və telefon, faks əlaqələri, sosial şəbəkələrdə səhifələrinin mövcudluğu baxımından qurumun internet resursunu yüksək qiymətləndiririk. Lakin qurumun ünvanına gəlmək üçün marşrut sxemi və ictimai nəqliyyat göstərilməmişdir. Bundan başqa, qurumun büdcəsi və büdcənin icrası haqqında bilgilər təqdim edilmir. Bunu sahə işçilərinin əmək haqqı barədə də demək olar. Tender elanları haqda geniş bilgilər verilir. Büdcədənkənar daxilolmalarla bağlı da məlumatlara rastlamadıq. Bundan əlavə, Zəng Mərkəzi bölməsində qurumun alt qurumlarının telefon nömrələrinə rast gəlmək mümkündür. Lakin, həmin alt qurumların rəhbərliyi, regional qurumların rəhbərliyi, onlarla əlaqə vasitələri göstərilməyib. Saytın sosial şəbəkələrdə bir neçə səhifəsi mövcuddur. Beləliklə, saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:
1. Qurumun tarixi, (burada Şollar suyu, İkinci Bakı Su Kəməri, Ceyranbatan Su Anbarı, Oğuz-Bakı-Qəbələ su kəməri haqda ətraflı məlumat yer alr) qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərliyi haqda yalnız rəhbərin bioqrafiyası təqdim edilir. Kollegiya haqqında isə eyni sözləri demək mümkün deyil.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları göstərilmişdir. Lakin qurumun ünvanının marşrut və sxemi, həmçinin, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar öz əksini tapmır.
3. Qurumun strukturu barədə də yetərli bilgi təqdim edilmişdir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları təqdim edilməyən bilgilər sırasındadır, struktur bölmələrinin rəhbərləri haqqında da bioqrafik bilgilər göstərilməmiş, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları olsa da, regional şöbələrin rəhbərləri ilə əlaqə və ünvanlar təqdim olunmur.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar; quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Bundan başqa, qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla); qurumun həyata keçirdiyi proqram və layihələr barədə də kifayət qədər bilgi göstərilir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda məlumat yer tutmur.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi geniş əks etdirilir. Həmçinin, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, qaynar xətt nömrəsi də mövcuddur.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası və işə qəbulun norma və qaydaları təqdim edilsə də, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilmir.
9. Sahə işçilərinin əmək haqları barədə heç bir məlumata rast gəlinmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də ətraflı məlumatlar mövcuddur.
11. Daha bir əks etdirilən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar təqdim olunsa da, tender və yarışmaların nəticələri, saytda öz əksini geniş şəkildə tapmışdır.
12. Qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər də saytda öz əksini tapmışdır.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Ancaq abunə imkanı çatışmır. Qurumun sosial şəbəkələrdən fasebook-da bir neçə səhifəsi mövcuddur.