Daha bir jurnalistin şikayəti Avropa Məhkəməsinə göndərilib
“Boz Qurd” qəzetinin redaktoru Ramiz Nəcəflinin İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 3 (qeyri-insani rəftar), 6 (məhkəməyə çatımlıq), 10 (fikri ifadə etmək) və 11-ci (toplaşmaq) maddələri ilə təminat verilən hüquqlarının pozuntusu ilə bağlı şikayəti Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Bu barədə jurnalistin hüquqlarını Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə edən Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev məlumat verib.
İ.Əliyev bildirib ki, R.Nəcəfli müxalifət partiyalarının 09 oktyabr 2005-ci il tarixli mitinqində polis əməkdaşları tərəfindən zorakılığa məruz qalaraq, səhhətinə xəsarət yetirilib.
Hadisə baş verən zaman onun əynində jurnalistlər üçün nəzərdə tutulmuş xüsusi geyimi olmasına, Daxili İşlər Nazirliyi ilə Mətbuat Şurasının birgə təşkil etdiyi monitorinq qrupunun üzvü olmasına və bunu polisə bildirməsinə baxmayaraq zorakılığa məruz qalıb. Onunla yanaşı, həmçinin daha bir neçə kütləvi informasiya vasitəsinin – “Ayna-Zerkalo” qəzetinin müxbiri İdrak Abbasov, “Yeni Müsavat” qəzetinin müxbiri Əfqan Muxtarlı, “Turan” İnformasiya Agentliyinin əməkdaşı Sarvan Rizvanov, “Azad söz” Jurnalistlər Birliyinin əməkdaşı Rəsul Həşimov, “Ekspress” qəzetinin müxbiri Elman Malıyev polislər tərəfindən döyülərək xəsarət alıblar.
Faktla bağlı 09 noyabr 2005-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi (döymə) ilə Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
22 dekabr 2005-ci il tarixdə həmin cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163-cü maddəsinə tövsif edilməklə ibtidai araşdırmanın davam etdirilməsi üçün Bakı şəhəri Səbail rayon prokurorluğuna göndərilib.
Cinayət işi qaldırıldıqdan sonra uzun müddət R.Nəcəfli prokurorluq orqanına çağırılmadığı və istintaqçılar tərəfindən cinayət işi barədə məlumatlandırılmadığı üçün 08 may 2006-cı il tarixdə istintaqı həyata keçirən müstəntiqə (V.Ələkbərov) müraciət edib. Müstəntiq ona cinayət işinin icraatının dayandırıldığını bildirib. Həmin qərarla tanış olmaq və surətinin ona verilməsini xahiş etsə də, müstəntiq heç bir səbəb göstərmədən sənədləri R.Nəcəfliyə təqdim etməyib.
R.Nəcəfli müstəntiqin hərəkətlərindən 12 may 2006-cı ildə Səbail rayon məhkəməsinə şikayət verərək cinayət işi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsini və işin ibtidai araşdırmasının davam etdirilməsini xahiş edib.
Səbail rayon məhkəməsi (hakim A.Namazov) 26 may 2006-cı il tarixli qərarı ilə şikayətin əsassız olmasını əsas gətirərək şikayəti təmin etməyib. R.Nəcəfli şikayətində ona və jurnalist həmkarlarına qarşı qanuna zidd zorakılıq tətbiq edən polis əməkdaşlarına Bakı şəhər Çevik Polis Alayının qərargah rəisi Akif Vəliyevin rəhbərlik etdiyini, həmin vəzifəli şəxsin hadisə vaxtı şəklinin Mətbuat Şurası tərəfindən çəkilərək hüquq-mühafizə orqanlarına təqdim olunduğunu göstərdiyi halda, məhkəmə həmin fakta və təqdim olunan sübutlara hüquqi qiymət verməyib və cinayət işinin icraatının dayandırılması haqqında müstəntiqin qərarını əsaslı sayıb.
R.Nəcəfli Səbail rayon məhkəməsinin qərarını qanunsuz hesab etdiyi üçün ondan Apellyasiya Məhkəməsinin Cinayət və İnzibati Xətalara dair İşlər üzrə Məhkəmə Kollegiyasına şikayət verib. Apellyasiya Məhkəməsi (sədrlik edən: E.Abdullayev, hakimlər: Q.Həsənov, M.Zeynalov) 13 iyun 2006-cı il tarixli qərarı ilə şikayəti təmin etməyib.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 453 və 454-cü maddələrinə əsasən, istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair Apellyasiya Məhkəməsinin Cinayət və İnzibati Xətalara dair İşlər üzrə Məhkəmə Kollegiyasının qərarı son qərardır və ondan şikayətə yol verilmir. Ona görə də həmin qərarı aldıqdan sonra R.Nəcəflinin Konvensiyanın 3, 6, 10, 11-ci maddələri ilə təminat verilən hüquqlarının pozuntusu ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilib.
“Şikayət Avropa Məhkəməsinə göndərildikdən sonra biz ölkədaxilində məhkəmələrdə də şikayətləri davam etdiririk. Belə ki, Apellyasiya Məhkəməsinin göstərilən qərarının ölkə Konstitusiyasının 31-ci (təhlükəsiz yaşamaq hüququ), 60-cı (hüquq və azadlıqların məhkəmə təminatı) və 71-ci (insan və vətəndaş hüquqlarını və azadlıqlarının təminatı) maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilməsi barədə Konstitusiya Məhkəməsinə də şikayət göndərilib. Bundan başqa, daxili işlər orqanları əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində vurulan maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Səbail rayon məhkəməsində mülki iş qaldırılıb. Hər iki şikayətin taleyi əvvəlcədən bizə bəllidir. Çox güman ki, onların hər ikisi rədd olunacaq. Və nəticədə, bu işlə bağlı daha iki şikayəti Avropa Məhkəməsinə göndərməyə hazırlaşırıq” – deyə İ.Əliyev bildirib.
Hüquqşünas bildirib ki, jurnalistlərə qarşı zorakılıq halları kütləvi xarakter alıb və bu cür faktlarla bağlı qaldırılan cinayət işlərinin heç biri təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnməyib.
“Hakimiyyət orqanları müxtəlif qanunsuz əsaslarla cinayət işlərinin icraatına xitam verirlər. Cinayət işlərinə qanunsuz əsaslarla xitam verilməsi polisin qanunsuz hərəkətləri nəticəsində jurnalistlərə vurulan ziyanı mülki qaydada tələb etmək hüququndan da məhrum etmir. Bu cür iddiaları məhkəmələr bütün hallarda o əsaslarla rədd edirlər ki, təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb edilmədikləri üçün onlara qarşı mülki iddia qaldırılması mümkün deyil. Nəticədə, qapalı dairə yaranır: jurnalisti polis döyür, məhkəmə polisi məsuliyyətə cəlb eləmir, təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaması bir tərəfə, başı-gözü əzilən, şikəst olan, təhqir olunan, alçaldılan qələm sahibi heç bir kompensasiya ala bilmir. Bu, praktika uzun illərdir davam edir. Bəlkə Avropa Məhkəməsinin qulaqburması vəziyyəti dəyişə.” – İ.Əliyev belə deyib.
İ.Əliyev bildirib ki, R.Nəcəfli son dövrlərdə polisin zorakılığı ilə bağlı Azərbaycandan Avropa Məhkəməsinə şikayət göndərən ikinci jurnalistdir. Bundan qabaq Turan İnformasiya Agentliyinin müxbiri Sarvan Rizvanov Strasburqa oxşar məzmunlu şikayət göndərib. Jurnalist noyabrın 9-da “Azadlıq” blokunun “20 yanvar” metrosundan Dövlət kinofilm fondunun qarşısına kimi nəzərdə tutulan marşrutda icazəli keçirilən yürüş-mitinqi zamanı jurnalistlərin istifadəsi üçün nəzərdə tutulmuş dəmir nərdivandan şəkil çəkərkən Yasamal rayon polis idarəsinin rəis müavini polis polkovniki Çingiz Məmmədov tərəfindən zorakılığa məruz qalmışdı.