Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti İnternet resursu ölkənin ikinci böyük şəhərinin saytı olmasına baxmayaraq ilkin görünüş olaraq normal görünsə də informasiyalar baxımından və bir sıra bölmələr üzrə bilgi kasadlığı və boşluğu baxımından diqqət çəkir. Təqdim edilməsi gərəkli olan bilgilərin olmaması gözdən qaçmır. Saytın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Şəhər haqqındakı bilgiləri, şəhərin tarixi haqda informasiyaları, qurum haqqındakı bilgi sırasında qurumun rəhbəri haqqında verilmiş məlumatları qənaətbəxş hesab etmək olar. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumatlar, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri barədə isə heç bir məlumat verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları verilsə də, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara rast gəlinmir.
3. Qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar olsa da, onlarla əlaqə nömrələri, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlar saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında qısaca da olsa bilgilər təqdim edilir. Lakin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.
5. Cari informasiyalar baxımından da sayt zəngin sayıla bilməz. İnformasiyaların təqdimində ardıcıllıq yoxdur. Saytdakı sonuncu informasiya 2013-cü ilin dekabr ayına aiddir. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də saytda heç bir bilgi təqdim edilmir.
6. Saytda qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da yoxdur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları nə də, qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.