TARİF ŞURASINA QARŞI MƏHKƏMƏDƏ YENİ İDDİALAR QALDIRILIB
2007-02-09 – 10:53:00
Hüquqşünaslar və QHT rəhbərləri Tarif Şurasına qarşı yeni iddialar qaldırıblar. İddialardan ikisi Səbail Rayon Məhkəməsində, biri isə Konstitusiya Məhkəməsində qaldırılıb. Bu barədə «Media forum» saytına Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev məlumat verib.
İ.Əliyevin sözlərinə görə, bu iddialardan biri yanvarın 24-də Tarif Şurasına ünvanlanan informasiya sorğusuna həmin qurumun cavab verməsindən imtina ilə bağlıdır: «Həmin sorğuda Tarif Şurasının 6 yanvar tarixli qərarlarıyla bağlı bir sıra sualların cavablandırılması və müvafiq sənədlərin təqdim olunması xahiş edilib. Tarif Şurası qarşısında qoyulan suallar bunlardan ibarətdir: Qiymətlərin artırılması ilə Tarif Şurasının 05 yanvar 2007-ci il tarixli iclasının keçirilməsi haqqında qərar hansı qaydada qəbul edilib? Bu barədə Tarif Şurasına müraciətlər olunubmu, olunubsa, onlar haradan daxil olub? Tarif Şurasının iclasında kimlər iştirak edib və qərar hansı qaydada qəbul edilib? İclasa beynəlxalq maliyyə təşkilatlarının, yerli və xarici şirkətlərin, ictimai təşkilatların nümayəndələri, ekspert və mütəxəssislər dəvət olunubmu? Olunubsa onlar kimlərdir, hansı qurumları təmsil edirlər və hansı məzmunda rəy veriblər?»
İ.Əliyevin sözlərinə görə, «İnformasiya əldə etmək haqqında» qanuna əsasən yeni qiymətlər tətbiq edilməzdən 30 gün əvvəl ictimaiyyətə bildirilməli və Tarif Şurasının rəsmi internet səhifəsində açıqlanmalı olduğu halda qərarların onun internet saytında yerləşdirilməyib.
Sorğulara cavab verilməsi üçün qanunla nəzərdə tutulan müddət ötməsinə baxmayaraq, Taarif Şurası sorğuçulara cavab verməyib. İnformasiyanı vaxtında yaymamağa görə məhkəməyə verilən Tarif Şurasına qarşı fevralın 6-da yeni iddia qaldırılıb. Bu dəfəki iddia qurumun informasiyanı verməkdən imtina etdiyinə görədir. İddiaçılar məhkəmədən Tarif Şurasının üzərinə informasiya sorğusuna cavab verilməsi vəzifəsinin qoyulmasını xahiş ediblər.
Səbail Rayon Məhkəməsinə verilən digər şikayət Tarif Şurasının yanvar qərarlarının Konstitusiyaya zidd hesab edilməsi ilə bağlıdır. İ.Əliyevin sözlərinə görə, Mülki Prosessual Məcəllə vətəndaşlara və təşkilatlara onların hüquq və azadlıqlarını pozan normativ xarakterli aktların Konstitusiyaya uyğunluğu məsələsini məhkəmədə mübahisələndirmək hüququ verib: «QHT nümayəndələri və hüquqşünaslar bu imkanı da əldən buraxmamaq qərarını veriblər. Vətəndaş cəmiyyəti təmsilçilərinin Konstitusiya Məhkəməsinə ünvanlanan şikayətdə Taarif Şurasının 06 yanvar 2007-ci il tarixli qərarlarının Konstitusiyanın 13-cü, 16-cı, 31-ci, 71-ci, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8 (özəl həyata müdaxilə), 10 (informasiya əldə etmək hüququ) və 1 saylı Protokolun 1-ci maddəsi (mülkiyyət hüququ) ilə təminat verilən hüquqlarını pozduğu üçün qüvvədən düşmüş sayılmasını xahiş ediblər».
Məhkəməyə müraciət edənlər arasında ölkənin tanınmış hüquqşünaslarından Ənnağı Hacıbəyli, Ələsgər Məmmədli, İsaxan Aşurov, Əlövsət Əliyev, Rəşid Hacılı, Əyyub Kərimov, Akif Əlizadə, Namizəd Səfərov, QHT liderlərindən Osman Gündüz, Novella Cəfəroğlu, Səadət Bənanyarlı, Aytəkin İmranlı və başqaları var.
İ.Əliyev bildirib ki, yaxın vaxtlarda oxşar ərizələrlə məhkəmələrə KİV, siyasi partiyalar, digər hüquqşünaslar və QHT nümayəndələrinin də çoxsaylı müraciətləri gözlənilir.
Bununla bağlı QHT nümayəndələrinin və hüquqşünasların ictimaiyyətə müraciəti açıqlanıb. Müraciətdə qeyd olunub ki, Tarif Şurasının son qərarları qeyri-legitim olmaqla vətəndaşların həm Azərbaycan qanunvericiliyi, həm də beynəlxalq konvensiyalarla qorunan bir sıra hüquqlarına qəsd edib. Ona görə həmin qərarların qanuniliyini mübahisələndirmək üçün məhkəmələrə müraciət etmək qərarına gəlinib: «Yaxşı başa düşürük ki, Azərbaycanda məhkəmələr hələ bu cür məsələləri obyektiv araşdırıb ədalətli qərar qədərincə müstəqil deyillər. Bu proseslərin necə nəticələnəcəyini ölkədə qanunçuluğun və ədalət mühakiməsinin durumundan xəbərdar olan adamlar kimi proqnozlaşdırmaq bizim üçün çətin deyil. Bu gün haqlarımızın keşiyində durmalı olan məhkəmələr tamamilə icra hakimiyyətindən asılı vəziyyətdədir və onun bütün göstərişlərini can-başla yerinə yetirir. Çox güman ki, məhkəmələr son dövrlərdə geniş yayılmış üsula əl atıb qanunsuz əsaslarla ərizələrimizi geri qaytaracaqlar».
Müraciətdə o da bildirilib ki, Konstitusiya Məhkəməsinin də belə hallar üçün hazır standart rədd cavabları artıq ənənəyə çevrilib. Bu Məhkəmə vətəndaşların fundamental konstitusion hüquqlarına hakimiyyət qurumlarının və vəzifəli şəxslərin qəsdləri ilə bağlı çoxsaylı şikayətlərə ya əsassız olaraq baxmaqdan imtina edib, ya da onları rədd edib: «Amma bununla yanaşı, yaxşı təşkil olunmuş hər bir məhkəmə prosesinin özü bir kampaniyadır, aksiyadır. Ola bilər ki, indi onun nəticəsi uğurlu olmasın. Amma bu kampaniyalar çərçivəsində keçirilən publik məhkəmə prosesləri, vətəndaş cəmiyyəti qurumları, beynəlxalq təşkilatlar, əhalinin müxtəlif təbəqələri ilə aparılan işlər, o cümlədən gələcəkdə həmin işlərin beynəlxalq məhkəmələrin müzakirəsinə çıxarılması – bunların özü də nəticədir».
Müraciət sahibləri hesab edirlər ki, hökumətin haqlarımızı kobud şəkildə pozan qərarları ilə bağlı məhkəmələrə kütləvi müraciətlər olmalıdır. Bu prosesə vətəndaş cəmiyyəti qurumları, ziyalılar, əhalinin müxtəlif təbəqələri daha geniş cəlb olunmalıdır: «Biz həmkarlarımızı bu proseslərdə daha fəal iştirak etməyə, haqlarımızın müdafiəsində daha mütəşəkkillik göstərməyə və səyləri birləşdirməyə çağırırıq».
Xatırladaq ki, yanvarın 24-də bir qrup hüquqşünas və QHT lideri Tarif Şurasını onların informasiya əldə etmək hüququnu pozduğuna görə Səbail Rayon Məhkəməsinə vermişdi. Ərizəçilər iddia edirdilər ki, Tarif Şurasının neft məhsullarının, elektrik enerjisinin, su və kanalizasiya və s. xidmətlərin qiymətlərində dəyişiklik edilməsi barədə 2007-ci il 6 yanvar qərarının yanvarın 8-dən etibarən tətbiqi və onların rəsmi nəşrlərdə dərc edilməməsi, qərarın qəbul edilməsinə dair informasiyanın isə yanvarın 9-da rəsmi nəşrlərdə dərc olunması onların informasiya əldə etmək hüququnu pozub.
İddia ərizəsində qeyd olunub ki, «İnformasiya əldə etmək haqqında» qanunun 29.1.25-ci maddəsinə əsasən, «əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa və yaxud təbii inhisara malik olan hüquqi şəxslər – malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar – şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış» açıqlamalıdır. Ona görə də hüquqşünaslar həmin qərarların 2007-ci il 8 yanvar tarixdən qüvvəyə minməsini nəzərdə tutan müddəanın ləğv olunmasını xahiş ediblər.
Fevralın 2-də Səbail Rayon Məhkəməsinin hakimi İ.Ağayev ərizəni və ona əlavə olunan sənədləri geri qaytarıb. Hakimin əsaslandırmasına görə, Tarif Şurası «müvafiq icra hakimiyyəti orqanları, yəni nazirliklər, digər mərkəzi və yerli icra hakimiyyəti orqanları sırasına aid olmadığından, təbii inhisara malik olan hüquqi şəxs sayılmadığından onun qərarları məhkəmə qaydasında mübahisələndirilə bilməz».
«Media forum