Təhsil Nazirliyinin rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
TÖVSİYƏLƏR
01 iyun 2007
İlk baxışdan görünür ki, nazirlik öz rəsmi veb-saytını dizayn, struktur, informasiya cəhətdən əhatəli qurmağa çalışıb və informasiya ilə zəngin olan bir resurs təsiri bağışlayır. Bununla belə analiz apardıqda görmək olur ki, saytda bir sıra çatışmazlıqlar da var. İnternet-resursda diqqəti cəlb edən əsas məqamlar aşağıdakılardır
1. Saytda Təhsil Nazirliyinin ayrı-ayrı struktur bölmələrinin fəaliyyəti haqqında məlumat yoxdur. Yaxşı olardı ki, struktur bölmələr cədvəlindən həmin bölmələrin fəaliyyəti haqqında məlumatlara keçidlər olaydı.
2. Ərazi təşkilatları və təsisçisi olduğu mətbuat vasitələri haqqında məlumatlar yoxdur. Belə məlumatların yerləşdirilməsi və ya onların saytları varsa, bağlantıların qoyulması məqsədə uyğun olardı.
3. Yaxşı olardı ki, ərazi təhsil şöbələrinin rəhbər işçiləri haqqında da məlumatlar əlavə olunardı.
4. Ştat cədvəlləri, boş iş yerləri və namizədlərə verilən tələblər, işə qəbul və müsabiqə qaydaları, müsabiqənin yekunları haqqında məlumat yoxdur. Tövsiyə olunur ki, təhsil sahəsinə işə düzəlmək və bunun üçün tələb olunan qaydalar haqqında məlumatlar daha ətraflı verilsin.
5. Əmr, sərəncam və qərarların saytda yerləşdirilməsi nəzərdə tutulsa da həmin səhifələr doldurulmur. Əmr, sərəncam və elanların “Antikorrupsiya tədbirləri” blokuna salınması da məqsədə uyğun deyildir.
6. Nazirdən başqa digər rəhbər işçilərin qəbul saatları barədə məlumatlar yoxdur. Tövsiyə olunur ki, vətəndaşların qəbul qaydalarına ayrı-ayrı sahələrə rəhbərlik edən vəzifəli şəxslərin də adları daxil edilsin və faks nömrələri də saytda göstərilsin.
7. Hər hansı alqı-satqı əməliyyatı, satınalmaların şərtləri, nəticəsi, eləcə də dövlət əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar yoxdur. Təhsil sahəsində istifadə olunan ləvazimatların haradan, neçəyə və s. alınması kimi məlumatlar saytda yerləşdirilsə yaxşı olardı. Bundan başqa təklif olunan kreditlər və informasiya sahiblərinin aldıqları kreditlər, qrantlar, onların şərtləri və istifadəsi, müqavilələr, auksionlar, tenderə çıxarılacaq sahələr və onların nəticələri haqqında məlumatlar saytda öz yerini tapmamışdır. Bu işi təşkil edən müvafiq komissiyalar və onların tərkibi haqqında məlumatlar sayta daxil edilməlidir.
8. Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar daha da genişləndirilməlidir.
9. Dövlət orqanı tərəfindən təsis edilmiş və ya onun iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair məlumatlar azdır. Yaxşı olardı ki, ümumiyyətlə özəl təhsil haqqında məlumatlar da saytda öz yerini tapaydı.
10. Kütləvi tədbirlərin proqramlarının göstərilməsi, dövlətin ictimai əhəmiyyətli konsepsiyaları, inkişaf planları, proqramlarının layihələri səhifələrinin doldurulması, prezidentin təhsilə olan qayğısı və bu sahədə çıxışlarının saytda öz əksini tapması məqsədəuyğun olardı.
11. Sayt Dövlət tərəfindən müəyyən edilmiş texniki tələbatlara cavab verir. Ancaq digər geniş yayılmış xarici dildə nəzərdə tutulsa da, həmin səhifə açılmır. Ona görə həmin səhifənin dolması məqsədə uyğundur.