Bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi yanında Elektron xidmətlərin
təşviqi üzrə İctimai Şurasının toplantısı keçirilib.
Toplantıda Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura və Multimedia Mərkəzinin birgə
əməkdaşlıq çərçivəsində hazırladığı “Elektron xidmətlərdən istifadə səviyyəsinin yüksəldilməsi” ilə
bağlı Təkliflər müzakirə edilib.
İctimai Şuranın kordinatoru Osman Gündüz Təkliflərin mahiyyəti ilə bağlı Şura üzvlərini tanış
edib. O, Təkliflərin dövlət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən
toplantılar və müzakirələrdə irəli sürülən rəylər, həmçinin də aparılan Monitorinqlər və araşdırmalar
nəticəsində əldə olunan məlumatlar və təkliflər əsasında hazırlandığını bildirib.
Təkliflərdə əsasən vətəndaşların elektron xidmətlərdən daha effektiv istifadə etməsi, əhəmiyyətlilik
səviyyəsindən asılı olaraq prioritet xidmətlərin müəyyən olunması və elektron formaya keçidlə
bağlı konkret keçid planının hazırlanması, elektron xidmətlərin populyarlığının artırılması, elektron
xidmətlərlə bağlı statistikanın təkmilləşdirilməsi, eyni bir xidmətin ASAN-dan, Elektron Hökumət
Portalından və müvafiq dövlət qurumandan alınması ilə bağlı statistikanın formalaşması, müvafiq
qurumların öz elektron xidmətlərinin tanıtımı ilə bağlı işlərin görülməsi, xidmətlərin “bir pəncərə”
prinsipi ilə göstərilməsinin vacibliyi istiqamətində müddəalar öz əksini tapıb.
Toplantıda İctimai Şura üzvləri Təkliflərin daha da təkmilləşdirilməsi və elektron xidmətlərdən
daha effektiv istifadə edilməsi istiqamətində səmərəli fikrilər bildirib. Şura üzvləri tərəfindən
elektron xidmətlərdən istifadə səviyyəsinin yüksəldilməsi və bu məqsədlə nəzərdə tutulan
resurslardan daha effektiv istifadəsi ilə bağlı müddəaların da Təkliflərdə yer alması tövsiyə olunub.
“Elektron xidmətlərdən istifadə səviyyəsinin yüksəldilməsi” ilə bağlı Təkliflər Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilib.
Təkliflərin tam mətni : http://informasiya.org/?p=2433
Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura
012 492 44 44
www.fb.com/elektronhokumet
@elektronhokumet