Azərbaycan Respublikası Ailə, Qadin və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin www.scfwca.gov.az ünvanlı İnternet saytında yetərli və dolğun bilgi təqdim edilir. Saytda bu sahəyə aid xidmət haqqında kifayət qədər bilgilər yer alıb. Saytın istifadəsi rahatdır. Burada sahə ilə bağlı bütün məlumatlara rast gəlmək mümkündür. Qurumun tarixi, ünvanı, rəhbərlik haqqında ətraflı məlumatlar, vətəndaşların qəbul günləri və qaydaları, dövlət qulluqçusunun etik davranışı, onlayn və telefon, faks əlaqələri, sosial şəbəkələrdə aktiv səhifələrinin olması baxımından qurumun internet resursunu yüksək dəyərləndiririk. Saytda statistika bölməsi, ailə siyasəti, qadın siyasəti, uşaq siyasəti, məişət zorakılığı bölmələri, regionlarda fəaliyyət göstərən uşaq və ailələrə dəstək mərkəzləri bölmələrində maraqlı məlumatlar yer alır. Saytda təqdim olunan sosial çarxlar da cəmiyyəti maarifləndirməyə xidmət edir. “Sahibkar qadınlar”, “Övladlarımızı internetin təhlükəsindən qoruyaq”, “Alimentləri ödəyin” kimi sosial çarxlar maraqla qarşılanır. Bunu bilməlisiniz bölmələrində isə aliment haqqında, məhkəməyə müraciət qaydası, sosial müavinətlər, əmək pensiyası və d. bilgilər təqdim edilir. Bu da təqdirəlayiq hal sayılır. Saytın Tvitter, Facebook və Youtube-də səhifələrinin mövcudluğu da diqqətdən qaçmır. Amma saytda bəzi bölmələr boşdur ki, həmin bölmələrə də məlumatlar qoyulsa, saytı tam dolğun hesab etmək olar. Bu da komitənin vakant yerləri, sahə işçilərinin əmək haqları, tender və yarışmaların nəticələri, qurumun büdcəsi, büdcədənkənar daxilolmalar və onların istiqamətləri, rəhbər işçilərin tarif stavkası və qaynar xətt barədə informasiya ilə bağlıdır. Beləliklə, saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:
1. Qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərliyi haqda kifayət qədər dolğun bilgi verilir. Kollegiya haqqında da eyni sözləri demək mümkündür.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları təqdim edilir, burada çatışmayan qurumun ünvanının marşrut və sxemi haqqında bilgidir. Həmçinin, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də məlumatlar öz əksini tapmır.
3. Qurumun strukturu barədə də ətraflı bilgi təqdim edilmişdir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları da təqdim edilən məlumatlar sırasındadır.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar; quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla); qurumun həyata keçirdiyi proqram və layihələr barədə də kifayət qədər bilgilər saytda yer almışdır.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər isə saytda öz əksini tapmamışdır.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi geniş əks etdirilir. Həmçinin, qurum tərəfindən təklif edilən əlavə xidmətlər də mövcuddur.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilməyən bilgilər sırasındadır.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgiyə rast gəlinmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də geniş məlumatlar saytda mövcuddur.
11. Daha bir əks etdirilməyən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi saytda öz əksini tapmır.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər də saytda öz əksini tapmışdır.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Sosial şəbəkələrdə səhifələrinin mövcud olması təqdirəlayiq hal sayılsa da, abunə imkanının və qaynar xətt imkanının yoxluğu diqqətdən qaçmır.