Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyəti www.agdash-ih.gov.az domen adlı İnternet saytında məlumat baxımından çox çatışmazlıqlar var. Bu çatışmazlıqların aradan qaldırılmasına kömək məqsədilə tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Saytda rayon haqqındakı bilgilərin daha dolğun hala gətirilməsi, qurumun özü haqqında, quruma daha öncə başçılıq etmiş şəxslər haqqında, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri haqda bilgilərin isə sayta əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsini daha da uyğun bir hala gətirmək baxımından əlaqə nömrələri, qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
3. İcra Hakimiyyətinin strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatların təqdim edilməsi də tövsiyə olunur.
4. Qurumun rəhbəri, rəhbər işçiləri və onlarla əks əlaqələr baxımından bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim edilməsi, qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında təqdim edilmiş qısaca bilgilərin isə dolğunlaşdırılması tövsiyə olunur. Rəhbər, rəhbər işçilər və onlarla əks əlaqələrin də saytda yerləşdirilməsi yaxşı olardı.
5. Cari informasiyaların daim yenilənməsinə diqqətin daha da artırılması, qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin isə təqdim edilməsi tövsiyə olunur.
6. Büdcə ilə bağlı qurumun büdcəsi, büdcənin icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların saytda əks etdirilməsi növbəti tövsiyələrdəndir.
7. Növbəti tövsiyə qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında bilgilərin əks etdirilməsi ilə bağlıdır.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) bilgilərin də saytda öz əksini tapması tövsiyə olunur.
9. Rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin əmək haqlarının da təqdim edilməsi tövsiyə olunur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə təqdim edilmiş bilgilərlə yanaşı vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
12. Saytın texniki imkanlarının yaxşılaşdırılması və abunə imkanının da daxil edilməsi tövsiyyə olunur.