Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidmətinin www.ses.gov.az ünvanlı İnternet saytını tam dolğun hesab etməsək də, iş axtaranlar üçün lazım olan məlumatları saytda tapmaq mümkündür. Saytda tarixin qurumu, struktur sxemi haqda məlumatlar olsa da, rəhbərlik, aparat, struktur işçilərinin barəsində bioqrafik məlumatlar təqdim olunmamışdır. Saytda əmək birjaları haqda, həmçinin, sahibkarlara müraciətlər də öz əksini tapır ki, işçilər tələb olunarkən xidmətə müraciət edilsin. Peşə hazırlığı kurslarının mövcudluğu ilə bağlı saytda məlumatlar əks olunmuşdur. Amma kursların ünvanları, kurslara qəbul qaydaları haqda məlumat öz əksini tapmır. Vətəndaşlara bəzi xidmətlər göstərilsə də, xidmətlərdən istifadə qaydaları izah olunmur. Məsələn, vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində köməklik bölməsindən istifadə qaydası izah olunmayıb. Saytda e-xidmətlər bölməsi mövcuddur ki, müəyyən xidmətlər bu yolla təklif edilir. Bununla belə, saytda bir sıra gərəkli bölmələr üzrə bilgilər verilmir. Vətəndaşların qurumun özündə işə qəbulu, vətəndaşların qəbul günləri və saatları, tender elanları, tender və yarışmaların nəticələri bölmələri, qurumun büdcəsi haqda saytda heç bir məlumat əks olunmur. Amma bu qurumun saytında bir unikallıq var ki, o da regional bölmələr üçün gözəl bir elektron xəritənin işlənib hazırlanmasıdır. Həmin xəritədə hansı regionun üzərinə tıklayırıqsa, həmin şəhərin Dövlət Məşğulluq Xidmətinin yerli şöbəsinin məlumatları görünür. Bundan başqa, həmin şəhər və rayon haqqında ümumiləşdirici məlumatlar öz əksini tapır ki, bu da sayt haqqında yüksək fikir söyləməyə əsas verən amillərdəndir.
Ümumilikdə isə saytdakı durum aşağıdakı kimidir:
1. Qurumun tarixi və rəhbərliyi haqda bilgilərə rast gəlinir. Qurumun rəhbərləri haqda qısa məlumat- ad-soyad və telefon nömrəsi verilməklə kifayətlənilir. Lakin rəhbər və rəhbər şəxslərin bioqrafik məlumatlarına rast gəlinmir.
2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, ümumi xarakterli telefon və faks nömrələri təqdim edilir. E-poçt ünvanları olsa da, quruma getmək üçün ictimai nəqliyyat barədə bilgi təqdim edilmir.
3. Qurumun strukturunun sxemi və aparat barədə bilgi, həmçinin, regional bölmələr barədə, struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri haqda bilgilər saytda əks etdirilmişdir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə imkanıarı təqdim edilir, lakin rəhbərin, onun müavinlərinin, digər struktur rəhbərlərinin bioqrafiyasına saytda rast gəlinmir. Qurumun ümumi əlaqə imkanları da saytda öz əksini tapır.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar, mətbuat üçün açıqlamalar davamlı olaraq yenilənir. Həmçinin qurumdaxili əmr və qərarlar, onların reyestri barədə bilgilər saytda yer almışdır.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi təqdim edilmir. Büdcədənkənar daxilolmalar haqda da heç bir məlumat yoxdur.
7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar təqdim edilir, saytda əlavə xidmətlər və qaynar xətt barədə də bilgi verilmişdir. Qaynar xətt saytın ön hissəsində görünən yerdə təqdim edilir. Onlayn müraciət imkanı da mövcuddur.
8. Təəssüf ki, dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, quruma işə qəbul qaydaları və boş iş yerləri haqqında heç bir bilgi təqdim edilmir.
9. Qurumun rəhbərinin tarif stavkası və sahə işçilərinin əmək haqları barədə də heç bir bilgi təqdim edilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də məlumata rast gəlmədik. Həmçinin, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi də saytda gözə dəymədi.
11. Dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri haqqında bilgilər əks etdirilmir.
12. Saytda təqdim edilən məlumatlar sırasına dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti də aid edilmişdir.
13. Sayt texniki imkanlar baxımından yaxşıdır. Burada çatışmayan isə abunə imkanıdır. Qurumun sosial şəbəkələrdə öz səhifəsi mövcuddur.