Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin www.constcourt.gov.az ünvanlı İnternet saytı müəyyən qədər yetərli bilgi təqdim edir. Saytda bu sahəyə aid xidmət haqqında bir çox bilgilər yer alıb. Saytın istifadəsi rahatdır. Qurumun tarixi, ünvanı, rəhbərlik haqqında ətraflı məlumatlar, vətəndaşların qəbul günləri və qaydaları, dövlət qulluqçusunun etik davranışı, onlayn və telefon, faks əlaqələrinin olması baxımından qurumun internet resursunu yüksək dəyərləndiririk. Amma saytda bəzi bölmələr boşdur ki, həmin bölmələrə də məlumatlar qoyulsa, saytı tam dolğun hesab etmək olar. Bu da quruma gəlmək üçün marşrut və sxeminin olmaması, ictimai nəqliyyat vasitələri haqda bilgilərin təqdim olunmaması, qurumun sosial şəbəkələrdə səhifələrinin mövcud olmaması, abunə imkanının və qaynar xəttin yoxluğu, sahə işçilərinin əmək haqları barədə, tender və yarışmalarla bağlı ümumiyyətlə heç bir bilginin olmaması, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya ilə bağlıdır.
Beləliklə, saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:
1. Qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza, qurumun rəhbərliyi haqda bioqrafik məlumatlar və kollegiya haqqında bilgilər də yetərli səviyyədə təqdim edilir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları təqdim edilsə də, qurumun ünvanının marşrut və sxemi haqqında bilgi yoxdur. Həmçinin, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də məlumatlara rast gəlinmir.
3. Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim edilmişdir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası təqdim edilən bilgilərdəndir. Qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də göstərilən bilgilər sırasındadır.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar; quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Bundan başqa, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə də bilgi saytda öz əksini tapmışdır.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda məlumata rast gəlinmir. Həmçinin, büdcədənkənar daxilolmalar haqda da heç bir məlumata rast gəlinmir.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər təqdim edilmişdir.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilməyən bilgilər sırasındadır.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgi təqdim edilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də məlumatlar saytda mövcuddur.
11. Daha bir əks etdirilməyən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi saytda öz əksini tapmır.
12. Qurumunun norma- (qanun) yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər də saytda öz əksini tapmışdır.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Qurumun sosial şəbəkələrdən facebook-da səhifəsi olsa da, səhifə boşdur. Abunə imkanının çatışmazlığı diqqətdən qaçmır. Həmçinin, qaynar xətt xidməti də təqdim olunmur.