Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının www.msk.gov.az ünvanlı İnternet saytı bəzi bölmələrdəki dolğunluğu ilə müsbət mənada irəli gedə bilib. Saytda interaktiv xəritənin olması, qaynar xəttin, MSK rəhbərliyinin və katibliyinin ayrı-ayrılıqda onlayn yazışma formasının olması dərhal diqqəti cəlb edir. Üstəlik, e-xidmətlərin verilməsi də onun üstünlüklərindən biridir. Yəni saytın texniki şərtləri gərəkli bilgiləri lazım olan şəkildə təqdim etməyə imkan verir.
Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurumun tarixi, rəhbərləri haqda bioqrafik məlumatlar və kollegiya, qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar haqqında gərəkli bilgilər təqdim edildiyindən əlavə tövsiyə söylənilmir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi tövsiyə olunur.
3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da məlumat təqdim edilir. Lakin qurumun regional bölmələrinin əlaqə vasitələrinin də əks etdirilməsi tövsiyə olunur.
4. Rəhbər işçilər, onlarla əlaqə, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və qurumun rəhbəri ilə əks- əlaqə imkanları barədə bilgilər təqdim olunur. Bunun üçün əlavə tövsiyəyə ehtiyac duyulmur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Bu üzdən də əlavə tövsiyəyə gərək yoxdur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər də saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır. Qaynar xətt də mövcuddur. Burada tövsiyə yalnız Qaynar Xəttin saytın ön hissəsində yuxarıda verilməsi ilə bağlıdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında elanlar, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə heç bir bilgi təqdim edilmir. Bu sahənin məlumatla doldurulmasına ciddi ehtiyac var.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
10. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə də heç bir bilgi verilmir. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər saytda əks etdirilir. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də bilgilərin təqdim edilməsi tövsiyə olunur.
11. Qurum tərəfindən tender və yarışmaların keçirilməsi ilə bağlı (elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi), tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə də heç bir məlumat təqdim edilmir. Bu bölmənin də yetərli həddə gətirilməsi və digər göstəricilər üzrə də bilgilərin verilməsi tövsiyə olunur.
12. Qurumun cari norma- (qanun) yaratma fəaliyyəti barədə də məlumat verilmişdir. Bütün mümkün normativ aktların layihələri haqda bilgilər əks etdirildiyindən əlavə tövsiyəyə ehtiyac duyulmur.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirlir. Domen rahatlığı, internet qaydalara uyğunluğu var. Lakin sayta abunənin olmaması diqqətdən qaçmır. Qurumun sosial şəbəkələrdən facebook, tvitter və youtube-da aktiv səhifələrinin olması təqdirəlayiq haldır. Bu, qurumun ictimaiyyətə açıqlığının göstəricisidir. Amma yaxşı olardı ki, sayta abunə imkanı da əlavə edilsin.