Azərbaycan Respublikası Suraxanı Rayon İcra Hakimiyyəti www.surakhani-ih.gov.az standart icra orqanı İnternet resursudur. Saytın istifadəsi rahat, görünüşü normaldır. Saytın bütün bölmələrindəki informasiyalar standart formada və ölçüdədir. Xəbərlər bölməsində də informasiyalar ara sıra yenilənir. İnternet resursunda yenilik kimi Heydər Əliyev Mərkəzi bölməsi var, amma təəssüf ki, boşdur. Etik davranışlar bölməsi işlək vəziyyətdə deyil. Saytdan sosial şəbəkələrə çıxış yoxdur.
Beləliklə, Suraxanı Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Rayonun tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, təhsili, səhiyyəsi, mədəniyyəti, idmanı haqqındakı bilgilərı kafi qiymətləndirmək olar. Qurum, qurumun rəhbəri haqqında verilmiş məlumatlar da qənaətbəxş hesab oluna bilməz. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə də saytda məlumat verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı verilsə də, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri saytda öz əksini tapmayıb. Sadəcə qəbul günləri və qəbul saatları göstərilir. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.
3. Saytda qurumun strukturu, şura haqqında sxem və müavinlər haqqında məlumatlar var, amma onlarla əlaqə nəmrələri yoxdur. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri haqqında informasiya çox az, struktur bölmələrinin rəhbərləri haqqında isə informasiya yoxdur. Onlarla əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilir. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də yoxdur.
5. Cari informasiyalar baxımından da saytı kafi qiymətləndirmək olar. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Saytda qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri, subsidiya alanlar haqda informasiyalara da rast gəlmək olmur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri və qəbul saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslərin əlaqə nömrələri, nə onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.