Azərbaycan Respublikası İsmayıllı Rayon İcra Hakimiyyəti www.ismayilli-ih.gov.az İnternet resursundan rayon haqqında məlumat almaq mümkündür. Saytın görünüşü normal, istifadəsi də rahatdır. Xəbərlər bölməsini qənaətbəxş hesab etmək olar, informasiyaların daim yenilənməsi diqqət çəkir. Rayonun iqtisadiyyatı, təhsili, mədəniyyəti, səhiyyəsi və idmanı haqda məlumatlar genişdir. Hətta başqa saytlarda rast gəlmədiyimiz “Kənd təsərrüfatı” bölməasi var ki, burden kifayət qədər informasiya almaq mümkündür. Saytda başqa internet resurslarında rast gəlmədiyimiz “Büdcə” bölməsi var, amma işlək vəziyyətdə deyil. Rayonun tarixi və əhalisi haqdakı məlumatlar çox azdır. Halbuki İsmayıllı rayonu Azərbaycanın qədim torpaqlarını əhatə edir və qədim tarixə malik bu ərazinin tarixi haqda genis məlumat vermək mümkündür. Saytda Elan bölməsi də var, lakin bölməyə daxil olmaq olmur.
Beləliklə, İsmayıllı Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Rayonun iqtisadiyyatı, təhsili, səhiyyəsi, mədəniyyəti, idmanı haqqındakı bilgilər kifayət qədərdir, qurum, qurumun rəhbəri haqqında verilmiş məlumatlar qənaətbəxşdir. Rayonun tarixi, əhalisi haqdakı bilgi isə çox azdır. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə məlumat verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı verilsə də, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri saytda öz əksini tapmayıb. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir. Amma 164- “Qaynar xətt”in olması qurumla əlaqəni asanlaşdırır.
3. Qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar, onların bəzilərinin əlaqə nəmrələri saytda var. Şura bölməsindəki bilgilər isə çox azdır. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında bilgilər təqdim edilir. Lakin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.
5. Cari informasiyalar baxımından saytı kifayət qədər zəngin hesab etmək olar. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə isə heç bir bilgi təqdim edilmir.
6. Saytda Büdcə bölməsi olsa da, işlək vəziyyətdə olmadığı üçün qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar saytda rast gəlmək olmur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Elan bölməsinin də olmasına baxmayaraq boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri və saatları və bəzilərinin əlaqə nömrələri (sabit telefon) barədə bilgilər var. Burada nə vəzifəli şəxslərin hamısının əlaqə nömrələri və onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.