Azərbaycan Respublikası Kəlbəcər Rayon İcra Hakimiyyəti www.kelbecer-ih.gov.az İnternet resursundan rayon haqqında məlumat almaq mümkündür. Saytın görünüşü normal, istifadəsi də rahatdır. Rayonun tarixi, əhalisi, təhsili, mədəniyyəti, səhiyyəsi və idmanı haqda məlumatlar genişdir. Rəhbər işçilərin nəinki sabit telefon, hətta mobil telefon nömrələrinin də saytda olmasını yüksək qiymətləndirmək olar.
Kəlbəcər rayonu işğal alında olduğundan saytda “Rayonun işğalı” adlı bölmə var, lakin buradan rayonun şəhidləri və Milli Qəhrəmanları haqda heç bir məlumat slmaq mümkün deyil, çünki bölmə boşdur. Xəbərlər bölməsini qənaətbəxş hesab etmək olmaz, informasiyaların yenilənməməsi diqqət çəkir. Bundan əlavə iqtisadiyyat bölməsində demək olar ki, informasiya yoxdur, rayonun cografi mövqeyi haqda məlumat isə azdır. Elektron xidmətlər, bank bölmələri də boşdur. İnternet resursunda gərəkli olan bəzi bilgilərin olmaması gözdən qaçmır.
Beləliklə, Kəlbəcər Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Rayonun tarixi, təhsili, səhiyyəsi, mədəniyyəti, idmanı haqqındakı bilgilər kifayət qədərdir, qurum, qurumun rəhbəri haqqında verilmiş məlumatlar qənaətbəxşdir. Rayonun əhalisi, iqtisadiyyatı haqdakı bilgi isə çox azdır. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə məlumat verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı verilir, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri də saytda öz əksini tapıb. Amma quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.
3. Qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar, onların hamısının əlaqə nəmrələri saytda var. Şura bölməsindəki bilgilər isə çox azdır. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında bilgilər təqdim edilir. Lakin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.
5. Cari informasiyalar baxımından sayt zəngin sayıla bilməz. Monitorinq apardığımız müddətdə saytdakı sonuncu informasiya cari ilin may ayına aiddir. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalara da saytda rast gəlmək olmur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər var. Burada hətta vəzifəli şəxslərin əlaqə nömrələrinə də rast gəlinir. Amma rəhbər işçilər və tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.