Azərbaycan Respublikası Laçın Rayon İcra Hakimiyyəti www.lachin-ih.gov.az İnternet resursunun görünüşü normal, istifadəsi rahatdır. Amma ziyarətçilərin hər hansı bir məlumatı əldə etmək üçün əziyyət çəkməyəcəyinə təminat verə blmirik. Çünki saytın heç bir bölməsindəki informasiyaları qənaətbəxş hesab etmək olmaz. Elə bölmələr var ki, ümumiyyətlə boşdur. Məlumdur ki, rayon işğal altındadır, amma bu haqda saytda heç bir məlumat yoxdur. Nə rayonun şəhidləri, Milli Qəhrəmanları, nə əhalinin respublika ərazisinə paylanması ilə bağlı məlumatlara saytda rast gəlmək olmur. Xəbərlər bölməsini qənaətbəxş hesab etmək olar, informasiyaların daim yenilənməsi diqqət çəkir. Saytın heş bir sosial şəbəkəyə çıxışı yoxdur.
Beləliklə, Laçın Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi belədir:
1. Rayonun tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, təhsili, səhiyyəsi, mədəniyyəti, idmanı haqqındakı bilgilər kifayət qədər deyil, qurum, qurumun rəhbəri haqqında verilmiş məlumatlar da qənaətbəxş hesab oluna bilməz. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə də saytda məlumat verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı verilsə də, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin nə telefon nömrələri saytda öz əksini tapmayıb. Sadəcə qəbul günləri və saatları göstərilir. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.
3. Şura bölməsindəki bilgiləri qənaətbəxş hesab etmək olar. Saytda qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar var, amma onlarla əlaqə nəmrələri yoxdur. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri barədə bioqrafik məlumat var, amma struktur bölmələrinin rəhbərləri haqqında informasiya azdır. Onlarla əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilir. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər isə yoxdur.
5. Cari informasiyalar baxımından zəngin sayıla bilər. lakin qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Saytda qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri, subsidiya alanlar haqda informasiyalara da rast gəlmək olmur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri və saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslərin əlaqə nömrələri, nə onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.