Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti www.qusar-ih.gov.az İnternet resursunun görünüşü normal, istifadəsi rahatdır. Raynun tarixi, əhalisi, iqtisadiyyat, mədəniyyəti, idmanı bölmələrindəki informasiyalar dolğundur. Hətta əhali və iqtisadiyyat bölmələrində məlumatların təqdimetmə forması da maraqlıdır. Cografi mövqe, təhsil və səhiyyə bölmələrindəki məlumatlar isə azdır. Xəbərlər bölməsindəki vəziyyət ürəkaçan deyil. İnformasiyalar arasındakı vaxt məsafəsi çoxdur.
Beləliklə, Qusar Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Rayonun coğrafi mövqeyi, iqtisadiyyatı, səhiyyəsi haqqındakı bilgilər kifayət qədər deyil. Qurum, qurumun rəhbəri haqqında verilmiş məlumatlar da qənaətbəxş hesab oluna bilməz. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə də saytda məlumat verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri (sabit telefon), vətəndaşların qəbul saatları saytda öz əksini tapıb. Amma quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.
3. Saytda qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar var, amma onlarla əlaqə nəmrələri yoxdur. Şura bölməsi boşdur. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri, struktur bölmələrinin rəhbərləri haqqında da informasiya azdır. Onlarla əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilir. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də yoxdur.
5. Cari informasiyalar baxımından sayt elə də zəngin sayıla bilməz. Monitorinq apardığımız zaman saytdakı sonuncu informasiya iyunun 1-ə, ondan əvvəlki isə mayın 9-a aiddir. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Saytda qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri, subsidiya alanlar haqda informasiyalara da rast gəlmək olmur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri, əlaqə nömrələri, qəbul saatları barədə bilgilər var. Amma onlar tərəfindən nə vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.