Azərbaycan Respublikası Qazax Rayon İcra Hakimiyyəti www.qazax-ih.gov.az İnternet resursundan rayon haqqında, demək olar ki, yetərli bilgi təqdim edilir. Amma elə bölmələr var ki, (tarix, əhali, idman) onları dolğun hesab etmək olmaz. Saytın görünüşü normal, istifadəsi də rahatdır. Xəbərlər bölməsini də qənaətbəxş hesab etmək olmaz, informasiyaların ara-sıra yenilənməsi diqqətdən qaçmır. Rayonun təhsili, mədəniyyəti, səhiyyəsi, hətta rayonun qəzeti haqda məlumatlar genişdir. İqtisadiyyat bölməsində hesabat xarakterli linkin təqdimi təqdirəlayiqdir. Bu baxımdan qurumun internet resursunu müsbət qiymətləndirmək olar. Amma elektron xidmətlər bölməsinin boş olması və təqdim edilməsi bəzi vacib, gərəkli olan bilgilərin olmaması gözdən qaçmır.
Beləliklə, Qazax Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Rayonun təhsili, səhiyyəsi, mədəniyyəti, iqtisadyyatı, haqqındakı bilgilər kifayət qədərdir, qurumun rəhbəri, onun müavinləri haqqında verilmiş məlumatlar qənaətbəxşdir. Rayonun tarixi, əhalisi, idmanı haqdakı bilgilər isə çox azdır. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə məlumat verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı verilsə də, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri saytda öz əksini tapmayıb. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.
3. Qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar olsa da, onlarla əlaqə nəmrələri saytda yoxdur. Şura bölməsindəki bilgilər isə çox azdır. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında bilgilər təqdim edilir. Amma bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərə rast gəlinmir.
5. Cari informasiyalar baxımından saytı qənaətbəxş hesab etmək olmaz. Verilən informasiyalar arasındakı vaxt intervalı çoxdur. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalara, subsidiya alanlar haqda məlumatlara da saytda rast gəlmək olmur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri və saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslərin əlaqə nömrələri və onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.