Azərbaycan Respublikasının Prezidentinin:www.president.gov.az domen adlı Internet resursu məlumat bolluğu və zənginliyi ilə fərqlənir. Saytda qurumun tarixi, keçmiş rəhbərləri və indiki rəhbəri haqda ətraflı məlumat yer alıb. Qurumun aparatı, kollegiya üzvləri haqda da bilgi verilir. Prezident Administrasiyasının fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar da təqdim edilir. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün qurumun ünvanı, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri var. E-poçt ünvanları da göstərilib. Dövlət qurumunun strukturu, aparat, alt bölümləri, struktur rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar təqdim edilib. Əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları ətraflı göstərilib. Mətbuat üçün açıqlamalar və onların tezliyi də qənaətbəxşdir. Dövlət qurumuna aid informasiyalar, qurumdaxili əmrlər və qərarlar, həyata keçirilən proqram və layihələrlə bağlı yetərli məlumatlar mövcuddur. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron xidmətlər, onlayn müraciət imkanı, xidmətlərdən istifadə qaydaları da göstərilir.
Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul günləri və saatları da öz əksini tapır. Qurumun cari norma yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri də təqdim edilən bilgilərdəndir. Saytın domen rahatlığı və internet qaydalarına uyğunluğu var. Axtarış sistemi işləyir. Prezident.az saytının sosial şəbəkələrin hamısında (tvitter, facebook, youtube, google+, apple.com) aktiv səhifəsi var.
President.az saytında ayrıca dövlət saytları bölməsi fəaliyyət göstərir ki, həmin bölmədən digər dövlət qurumlarının saytlarına rahatlıqla keçmək olur. Ziyarətçilər həmin saytlardan həm dövlət orqanlarının saytları ilə tanış olmaq və həm də həmin qurumlara müraciət etmək imkanı əldə edə bilirlər. President.az saytında Azərbaycan Respublikasının tarixi, əhalisi, ərazisi, Konstitusiya, Dövlət Rəmzləri, bayramlar, Qarabağ, Qanlı Yaddaş, Əsrin Müqaviləsi, Böyük İpək Yolu bölmələri dolğundur və buradan ölkə ilə bağlı bütün məlumatları əldə etmək mümkündür. Qurumun saytında interaktiv xəritə də fəaliyyət göstərir ki, həmin xəritənin üzərinə tıkladıqda həmin rayonun məlumatlarını əldə etmək mümkündür. Bundan başqa saytda bir çox bölmələr üzrə tam məlumat bolluğuna rastladıq. Amma bununla bərabər, bəzi çatışmayan bilgilər də mövcuddur. Məsələn, qurumun ünvanının marşrut və sxemi, quruma gəlmək üçün ictimai nəqliyyat, büdcə məlumatları, qaynar xətt, işə qəbul norma və qaydaları, boş iş yerlərinin elanları, rəhbər işçilərin tarif stavkası, tender elanları haqda məlumat çatışmazlığı var. Bu sahələr də dolğunlaşdırılarsa, sayt mükəmməl olar.
Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurumun tarixi, rəhbərləri və kollegiya haqqında ətraflı məlumat təqdim edilmişdir. Həmçinin, dövlət qurumunun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsanamə və təlimatlar haqda informasiyalar yetərli sayıla bilər.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız qurumun ünvanının marşrut sxemi və gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.
3. Qurumun strukturunun ümumi sxemi və qurumun alt bölümləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da kifayət qədər məlumat təqdim edilir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları təqdim edilir. Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, dövlət qurumu ilə əks-əlaqə üçün ümumi imkanlar barədə bilgilər də mövcuddur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Bundan başqa, mətbuat üçün açıqlamalar və onların tezliyi də intensivliyi ilə diqqəti çəkir. Qurumdaxili əmrlər və qərarlar haqqında da məlumatlar mövcuddur.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda əks etdirilmir. Büdcədənkənar daxilolmalar haqda da bunu demək olar.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır. Qaynar xəttə rast gəlmirik.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər təqdim edilmir. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər saytda əks olunmur.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.
10. Dövlət qurumu tərəfindən vətəndaşların qəbul şərtləri, qəbul günləri və qəbul qaydaları (saatları) barədə ətraflı məlumatlar təqdim olunmuşdur. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir.
11. Tender və yarışmaların keçirilməsi elanları, tender və yarışmaların keçirilmə qaydaları, tender və yarışmaların nəticələri, elanların arxivi də təqdim olunmayan məlumatlardandır.
12. Növbəti təqdim edilən bilgilər isə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır. Bütün mümkün normativ aktların layihələri saytda öz əksini tapır. Dövlət qurumunun norma yaratma faəliyyəti ilə bağlı arxiv də təqdim edilir.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Domen rahatlığı, istifadə rahatlığı var. İnternet qaydalarına uyğundur. Axtarış sistemi işləyir. Sayta abunə imkanı, əks əlaqə üçün onlayn forma və sosial şəbəkələrdə (tvitter, fasebook, google+, apple, youtube və s.) aktiv səhifələrinin olması qurumun vətəndaş cəmiyyətinə açıqlığının göstəricidir.