Azərbaycan Respublikası Şəki Şəhəri İcra Hakimiyyəti www.sheki-ih.gov.az İnternet resursunun görünüşü normal, isifadəsi də rahatdır və sayt qismən bilgilər təqdim edənlər arasındadır. Şəhərin tarixi, iqtisadiyyatı, təhsili, mədəniyyəti, idmanı haqda verilən bilgilər yetərli, əhalisi, cografi mövqeyi bölməsindəki məlumatlar isə azdır. Amma icra başçısının 2013-2014-cü illər hesabat mətninin burada yerləşdirilməsi, elanlar bölməsində vakant iş yerləri ilə bağlı məlumatlar və elanlrın olması saytın informasiyalılıq yükünü artırır.
Saytda bəzi bölmələr üzrə heç bir bilginin təqdim edilməməsi də gözdən qaçmır. Məsələn, qurumun tarixi, ona daha öncə rəhbərlik etmiş şəxslər barədə məlumat yoxdur. Qurumun rəhbəri, onun müavinləri, aparat, şura və struktur rəhbərləri haqda bioqrafik məlmatlar yoxdur. Saytın elektron xidmətlər bölmələri boşdur. Qurumun büdcəsi, işçilərin əmək haqları, etik davranış qaydaları, tender elanları, axtarış sistemi, işə qəbul qaydaları qurumdaxili əmrlər haqqında da heç bir məlumat təqdim edilmir.
Xəbərlər bölməsinin tez-tez yenilənməsi diqqətçəkən məqamdır.
Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
1. Şəhərin tarixi, iqtisadiyyatı, təhsili və mədəniyyəti, idmanı haqqındakı bilgiləri kifayət qədər hesab etmək olar, Amma şəhərin əhalisi, coğrafi mövqeyi haqda bilgilərin dolğunlaşdırılması tövsiyyə olunur. Qurumun özü, qurumun rəhbəri haqqında verilmiş məlumatları da qənaətbəxş hesab etmək olmaz. Qurumun tarixi haqda bilgilər, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə də saytda məlumat verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı verilsə də, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri saytda öz əksini tapmayıb. Sadəcə qəbul günləri və qəbul saatları göstərilir. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.
3. Saytda qurumun strukturu haqqında sxem və müavinlər adları var, amma onlarla əlaqə kimi yalnız sabit telefon nömrələri göstərilir. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır. Saytın şura, bələdiyyələr, fəaliyyət bölmələri boşdur.
4. Qurumun rəhbəri, struktur bölmələrinin rəhbərləri haqqında informasiya çox azdır. Onlarla əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilir. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də yoxdur.
5. Cari informasiyalar baxımından sayt zəngin sayıla bilər. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə isə heç bir bilgi təqdim edilmir.
6. Saytda qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri, subsidiya alanlar haqda informasiyalara da rast gəlmək olmur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri haqda məlumat olsa da, işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri və qəbul saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslərin əlaqə nömrələri, nə onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları internet resurslarının mövcud qaydalarına uyğun hesab edilə bilər. Lakin saytda abunə, axtarış imkanları gözə dəymir.