Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyəti www.mingechevir-ih.gov.az ünvanlı İnternet resursu görünüşcə normal, istifasi isə rahat saytdır. Saytda ziyarətçilərin hər hansı bir məlumatı əldə etmək üçün elə də əziyyət çəkməyəcəkləri ilk baxışdan hiss olunur. Saytın bütün bölmələri olmasa da, bir çox bölmələri dolğun informasiyalıdır. Şəhərin tarixi, iqtisadiyyatı, təhsili, mədəniyyəti, səhiyyəsi haqda məlumatlar kifayət qədərdir.
Xəbərlər bölməsindəki informasiyaları elə də təzə hesab etmək olmaz, iyul ayına aid saytda cəmi bir məlumat var. Yaxşı olardı ki, informasiyalar arasındakı interval çox olmasın.
Şəhərin saytı sosial şəbəkələrə də açıq deyil.
Beləliklə, Mingəçevir Şəhər İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi belədir:
1. Rayonun tarixi, iqtisadiyyatı, təhsili, səhiyyəsi, mədəniyyəti haqqındakı bilgilər kifayət qədərdir. Amma rayonun əhalisi, coğrafi mövqeyi, idmanı bölmələrindəki informasiyalar dolğun və ətraflı deyil. Saytda qurumun rəhbəri haqqında verilmiş məlumatları dolğun hesab etmək olar. Lakin qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə saytda məlumat verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin adları, vətəndaşların qəbul saatları və qəbul günləri göstərilsə də, onlarla birbaşa əlaqə nömrələri saytda öz əksini tapmayıb. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.
3. Saytda qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar, onlarla əlaqə nəmrələri (sabit telefon) var. Şura bölməsi də məlumatlıdır. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlar isə saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri haqqında saytda dolğun bioqrafik informasiya mövcuddur. Amma onun müavinləri, struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilir. Amma bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər isə yoxdur.
5. Cari informasiyalar baxımından sayt zəngin sayıla bilməz. xəbərlər arasındakı interval çoxdur, hətta bu bir ay da ola bilir. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Saytda qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri, subsidiya alanlar haqda informasiyalara da rast gəlmək olmur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri, qəbul saatları barədə bilgilər var. Onlarla birbaşa əlaqə nömrələri isə yoxdur. Həm də onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.