Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti www.bilesuvar.gov.az İnternet resursunda dəyişiklik və dolğunluq hiss olunur. Amma yenə də bir sıra bölmələr üzrə bilgi kasadlığı hiss olunur. Yenə də elektron müraciət bölməsi boşdur. Etik müvəkkilin iş planı bölməsində isə tamamilə basqa məlumatla rastlaşırıq. Saytın sosial şəbəkələrə çıxışı yoxdur.
Beləliklə, Biləsuvar Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Rayon haqqındakı bilgilər kifayət qədərdir, qurum, qurumun rəhbəri haqqında verilmiş məlumatlar qənaətbəxşdir. Qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri barədə də informasiya var. Amma qurumun tarixi, ona daha öncə başçılıq etmiş şəxslər barədə məlumat isə yoxdur;
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları verilsə də, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara rast gəlinmir;
3. Struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında məlumat yoxdur. Qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar olsa da, onlarla əlaqə nömrələri göstərilmir.
4. Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında qısaca da olsa bilgilər təqdim edilir. Lakin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.
5. Cari informasiyalar baxımından sayt nisbətən zəngin sayıla bilər. Amma qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) haqda məlumat olsa da, dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə bilgi təqdim edilmir.
6. Qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da saytda yoxdur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı da heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər var, amma əlaqə nörələri yoxdur. Həm də nə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.