Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının İnternet saytı monitoringin nəticələrində də qeyd etdiyimiz kimi ən çox ziyarətçi qəbul edən resurslardandır. Bu baxımdan onun işinin daha da təkmilləşdirilməsi, xüsusən də sadə və asan olması vacib məsələdir. Xüsusən də saytdakı sənəd və materiallara girişin asanlaşdırılması zəruri və vacibdir.
Nəzərə alaraq ki, saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız onu yer alıb, elə tövsiyələrimizi də onlarla bağlı verməli olacayıq. Əlbəttə ki, məqsəd bu resursun işinin təkmilləşdirilməsinə yardımçı ilmaqdır. Beləliklə, ilkin tövsiyələrimiz:
1. Komissiya haqqında keçiddəki TQDK-nın strukturu (rəhbərlik və şöbələr) alt bölməsinin tərkibi dolğun deyil. Bu baxımdan çatışmayan bilgilərin yerləşdirilməsi zəruridir.
2. Yenə də eyni keçiddə qurumun ştat cədvəlləri barədə bilgi yerləşdirmək zəruridir.
3. İnkişaf tarixində qurumun nə vaxt və hansı şəraitdə meydana çıxması, ona əvvəllər kimlərin başçılıq etməsi barədə daha dolğun məlumatların olması vacibdir.
4. Xəbərlər və elanlar səhifəsinin işinin tezliklə bərpa edilməsi məqsədəuyğundur.
5. Ali məktəblərə qəbul barədə statistik bilgilərin yalnız 2007-ci illə məhdudlaşdırılması da başa düşülən deyil. Yəqin ki, daha öncəki illər barədə də bilgilər olmamış deyil və onları da sayta yerləşdirmək lazımdır.
6. Magistratura pilləsinə qəbul keçidində ərizə doldurma qaydaları ilə yanaşı ərizə formalarının da yerləşdirilməsi faydalı olardı. Həm də bu ərizələri saytdan bilgisayara yükləmə imkanının təmin edilməsi məqsədəuyğun olardı.
7. Xarici ölkələrin ali məktəblərinə qəbul keçidinin yalnız Türkiyə və Rusiya ilə məhdudlaşdırılması da başa düşülən deyil. Digər ölkələrdə də Azərbaycanlı tələbələrin təhsil alması faktdır və bu imkanlar haqqında da sayta bilgi yerləşdirmək lazımdır.
8. Dövlət qulluğuna işə qəbul bölməsinin fəaliyyəti təmin (yaxud da bərpa) edilməlidir.
9. “Abituriyent” və “Hazırlıq kursları” saytlarına keçidlərin birbaşa verilməsi də məqsədəuyğun deyil. Bu baxımdan TQDK-nın öz saytında həmin saytlar haqqında qısa bilgi yerləşdirib həmin bilgidən sonra saytlara keçid vermək məqsədəuyğun olardı.
10. Hələlik boş olan məlumat xidməti səhifəsini də tezliklə ziyarətçilərin öhdəsinə vermək zəruridir. Xüsusən də burada onlayn xidmətlərin təklif edilməsi şərtilə.
11. Elmi araşdırmalar keçidinin tərkibini də zanginləşdirmək, bizcə, TQDK üçün problem olmamalıdır.
12. Son olaraq onu tövsiyə edərdik ki, sayta yerləşdirilən materialların həcmini də nəzərə almaq zəruridir. Xüsusən ona görə ki, Azərbaycanda İnternetin keyfiyyəti hələ də dünya standartlarından ciddi şəkildə geri qalır.