Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin www.customs.gov.az rəsmi saytında aparılan monitorinqin nəticəsi olaraq öncə qeyd etməliyik ki, Nazirliyin rəsmi internet saytının monitorinqi 13 parametr və 59 qiymətləndirici meyarlar üzrə onlayn şəffaflıq vəziyyəti analiz edilərək aparılmışdır. Metodikada dövlət qurumlarının rəsmi İnternet resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin kəmiyyət və keyfiyyət cəhətdən analiz edilməsi və qiymətləndirilməsi ilə tanış ola bilərsiniz.
Gömrük Komitəsinin internet resursu çox yaxşı qiymətləndirilir və istifadəçi üçün əsasən çatımlıdır. Saytın istifadəsi rahatdır, bəzi parametrlər üzrə cüzi məlumatlar olmasa da, əsasən lazımi bilgi təqdim edilir. Saytda məlumat bolluğu və dolğunluq diqqəti xüsusi cəlb edir. Xüsusilə də gömrük ödənişləri, terminlər lüğəti, gömrük tarifləri, Azərbaycan Gömrük Muzeyləri, Gömrük Akademiyası, Səyahətçilər üçün məlumat, Mərkəzi Gömrük Hospitalı, Mərkəzi Gömrük Ekspertiza İdarəsi, Mobil Gömrük Bölmələri ilə əlaqə, Kinoloji Mərkəz, gömrük əməkdaşlarının vətəndaşlarla davranış qaydaları, elektron xidmətlər və s. bölmələrindən ziyarətçilər kifayət qədər məlumat əldə edə bilərlər.
Bununla yanaşı saytda Çağrı Mərkəzi (195), valyuta məzənnəsi, qurum rəhbərinin vətəndaşları bölgələrdə qəbul edəcəyi ilə bağlı məlumatlar və qurum rəhbərinin virtual qəbulu da öz əksini tapmışdır. Qurumun saytını kifayət qədər dolğun adlandıra bilərik. Saytda faydalı istinadlar bölməsində digər ölkələrin gömrük orqanlarının sayt ünvanları və Azərbaycanda fəaliyyət göstərən dövlət orqanlarının saytlarına birbaşa keçmək mümkündür ki, bu da saytı digər saytlardan fərqləndirir. Saytda xarici ticarətin vəziyyəti haqqında arayış, ölkələr üzrə xarici ticarətin gömrük statistikası, ən çox idxal olunan mallar və ən çox ixrac olunan mallar, malların nomenklaturası bölmələri də fəaliyyət göstərir ki, buradan lazımlı bilgilər əldə etmək mümkündür. Beynəlxalq əlaqələr bölməsində gömrük orqanlarının beynəlxalq əlaqələri illər üzrə təsnifatlandırılıb.
Qeyd etdiyimiz kimi sayt mükəmməldir, lakin bəzi çatışmazlıqlar da mövcuddur ki, onu da tövsiyyə bölümündə qeyd edəcəyik. Həmçinin, qurum haqqında Dövlət Xidmətləri Portalında (www.dxr.az ) məlumat bazası da mövcuddur.
Parametrlər üzrə saytın ümumi mənzərəsi:
1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, rəhbərləri və kollegiya haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur.
2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, telefon nömrələri, e-poçt ünvanı, dövlət qurumunun ünvanının marşrut və sxemi haqqında bilgi verilir. Lakin, dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar yoxdur.
3. Dövlət qurumunun strukturunun ümumi sxemi, aparat, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə yetərli bilgi təqdim edilmişdir.
4. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapıb.
5. Qurumun saytında mətbuat üçün açıqlamalar mütəmadi olaraq yenilənir. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Qurumdaxili əmr və qərarlar da saytda təqdim edilən bilgilərdəndir. Həmçinin dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və bu bölmədə yetərli məlumatlar da vardır.
5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) haqqında yetərli məlumatlar göstərilib. Lakin, dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə boşdur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya öz əksini tapıb.
7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı, xidmətlərdən istifadə qaydaları və Çağrı Mərkəzi (195) mövcuddur. Xidmətlərin statistikasına və Qaynar Xəttə rast gəlmədik.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları tam əks edilsə də, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar aydın qeyd edilmişdir. Lakin, boş iş yerləri haqqında elanların arxivinə rast gəlinmir.
9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) bölümündə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, digər qəbul formaları (video qəbul və s), həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi də mövcuddur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri , mübahisələrin həlli qaydaları və elanların arxivi qeyd edilməmişdir.
12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Lakin, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilmir.
13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış öz əksini tapıb. Sosial şəbəkələrdə www.facebook.com səhifəsi aktivdir.