Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.azstat.org domen adlı ünvanında yerləşən İnternet resursunda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan xeyli informasiyalar yerləşdirilib. Bununla belə saytda müəyyən çatışmazlıqlar qalmaqdadır və məhz bunu nəzərə alaraq onun işinin təkmilləşdirilməsi ilə bağlı bir sıra tövsiyələrimizi diqqətə çatdırmaq istərdik. Beləliklə, ilkin tövsiyələrimiz:
1. Saytın ana səhifəsində və digər səhifələrində nəşrlərin katalog bazası üzrə axtarışdan fərqli olaraq ümumi axtarış qutusu yerləşdirilməlidir.
2. Əks əlaqə üçün yalnız ümumi e-poçt ünvanı, telefon və faks nömrələrinin verilməsi yetərli sayıla bilməz. Buna görə də ayrı-ayrı vəzifəli şəxslərlə birbaşa əlaqə imkanları da göstərilməlidir.
3. Əks əlaqə üçün həm də onlayn müraciət forması
yerləşdirmək məqsədəuyğun olardı.
4. Dövlət Statistika Komitəsi haqqında adlı keçiddə demək olar ki, hər şey verilsə də qurumun rəhbəri də daxil olmaqla vəzifəli şəxslərin biografiyaları, hətta heç adları belə gözə dəymir. Belə bir informasiyanın hazırlanması və yerləşdirilməsi elə də ciddi səy tələb etmədiyi üçün tezliklə sayta qoyulması vacibdir.
5. Saytda boş iş yerləri haqqında məlumatların verilməsi müsbət haldır. Bununla belə həmin məlumatların daha dolğun verilməsinə ehtiyac var. Yəni hər bir boş iş yeri üçün ayrıntılı elan yerləşdirilməsi daha doğru olardı.
6. Saytda çatışmayan cəhətlərdən biri və deyərdik ki, ən vacibi də quruma aid büdcənin ümumiyyətlə gözə dəyməməsidir. Yaxşı olar ki, büdcə hissəsi də resursa əlavə edilsin.
7. Daha bir vacib məqam isə quruma aidiyyatı olan və dövlət sirri hesab edilən məlumatların siyahısının verilməməsidir. Hər halda bu siyahını sayta yerləşdirmək elə də ciddi problem sayılmamalıdır. Xüsusən də nəzərə alsaq ki, bu, qanunun birmənalı tələbidir.
8. Sayta digər dövlət qurumlarının və uyğun beynəlxalq təşkilatların saytlarına keçidlərin yerləşdirilməsi də tələblər sırasındadır. Bu da xüsusi çalışma tələb etməyən məsələlərdən biridir.
9. Vəzifəli şəxslərin qəbuluna düşmək üçün qaydalar və qəbul günləri haqqında da heç bir bilgi verilməyib ki, bunu da aradan qaldırmaq vacibdir.
10. Daha bir tövsiyəmiz isə domen ünvanı ilə bağlıdır. Dövlətin ən vacib strukturlarından biri olan komitənin İnternet saytı təbii olaraq .gov.az domen zonasında yerləşməlidir.