Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti www.qaradagh-ih.gov.az ünvanlı İnternet resursundan rayon haqqında qismən yetərli bilgi təqdim edilir. Saytdan əlavə bölmələr vasitəsilə bir sıra məlumatlar da əldə etmək olar. Rayonun idarələri, Prezidentin səfərləri, elektron hökumət portalı, Dağlıq Qarabağ münaqişəsi, millət vəkilləri haqqında informasiyalı bölmələr rayon haqqındakı məlumatlılığı daha da artırır. Amma saytda boş bölmələr (əhali, fəaliyyət, elektron müraciətlər, elektron xidmətlər) də vardır. Xəbərlər bölməsini qənaətbəxş hesab etmək olar, informasiyaların yenilənməsi diqqət çəkir. Rayonun tarixi, təhsili, mədəniyyəti, səhiyyəsi haqda məlumatlar genişdir. Bu baxımdan qurumun internet resursunu müsbət qiymətləndirmək olar. Amma təqdim edilməsi bəzi vacib, gərəkli olan bilgilərin olmaması gözdən qaçmır.
Beləliklə, Qaradağ Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Rayonun əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, idmanı haqqında informasiya ya yoxdur, ya da düzgün istiqamətdə verilməyib. Amma tarixi, təhsili, səhiyyəsi, mədəniyyəti haqqındakı bilgilər kifayət qədərdir. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə məlumat verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün informasiyalar yoxdur. Qurumun ünvan, telefon və faks nömrəsi, e-poçt ünvanı ayrı-ayrı bölmələrdə verilməsi çaşqınlıq yaradır. Vətəndaşların qəbulu bölməsində əhalini qəbul edəcək səlahiyyətli şəxslərin yalnız qəbul günləri və saatları göstərilir. Əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri saytda öz əksini tapmayıb. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.
3. Saytda qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar onların bəzilərinin əlaqə nəmrələri (sabit telefon) var. Şura bölməsindəki bilgilər azdır. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri haqqında bioqrafik məlumat var. Amma ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında bilgilər təqdim edilmir. Müavinlər, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqda da bioqrafik məlumatlara rast gəlmək olmur.
5. Cari informasiyalar baxımından saytı qənaətbəxş hesab etmək olar. Amma verilən informasiyalar arasındakı vaxt intervalı azaldılsa, daha da yaxşı olar. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalara, eləcə də subsidiya alanlar haqda məlumatlara rast gəlinmir.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Əhalinin qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri və saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslərin əlaqə nömrələri və onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.