Azərbaycan Respublikası Qax Rayon İcra Hakimiyyəti www.qax-ih.gov.az İnternet resursunun görünüşü normal, istifadəsi də rahatdır. Saytdan rayon haqqında lazımi qədər məlumat almaq mümkündür. Rayonun tarixi, iqtisadiyyatı, təhsili, mədəniyyəti və idmanı bölmələrindəki məlumatlar genişdir. Subsidiyalar, virtual tur, etik davranışlar bölmələri mövcuddur. Xəbərlər bölməsini qənaətbəxş hesab etmək olar, informasiyaların daim olmasa da ara-sıra yenilənməsi diqqət çəkir. Əhali, səhiyyə bölmələrində informasiyanın azlığı, fəaliyyət bölməsinin isə boş olması isə gözdən qaçmır.
Beləliklə, Qax Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Qurum, qurumun rəhbəri haqqında verilmiş məlumatlar qənaətbəxşdir. Rayonun tarixi, iqtisadiyyatı, təhsili, mədəniyyəti, idmanı haqqındakı bilgilər də kifayət qədərdir, Rayonun əhalisi, səhiyyəsi haqdakı bilgi isə çox azdır. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə məlumat verilmir.
2. Saytda əhalinin qurumla əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı, hətta birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin də e-ünvanları, qəbul günləri və saatları verilsə də, onlarla əlaqə nömrələri öz əksini tapmayıb. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.
3. İcra hakimiyyətinin strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar saytda var. Lakin Şura bölməsindəki bilgilər isə çox az, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlar isə yoxdur.
4. Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları olsa da, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.
5. Cari informasiyalar baxımından sayt elə də zəngin sayıla bilər. Xəbərlər arasındakı interval çoxdur. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Saytda qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar əksini tapmayıb. Subsidiya bölməsi olsa da, oradakı məlumat 2014-cü ilə aiddir.
7. Onlayn müraciət imkanı təqdim edilir. Amma qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında heç bir bilgi yoxdur.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri və saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslərin əlaqə nömrələri və onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.