Azərbaycan Respublikası Qazax Rayon İcra Hakimiyyəti www.qazax-ih.gov.az İnternet resursundan rayon haqqında yetərli bilgi təqdim edilir. Rayonun təhsili, mədəniyyəti, səhiyyəsi, hətta rayonun qəzeti haqda məlumatlar genişdir. Xəbərlər bölməsini də qənaətbəxş hesab etmək olar. Amma elə bölmələr var ki, (tarix, əhali, coğrafi mövqe, idman) onları dolğun hesab etmək olmaz. Elektron xidmətlər bölməsinin boş olması da, təqdim edilməsi bəzi vacib, gərəkli olan bilgilərin olmaması gözdən qaçmır.
Beləliklə, Qazax Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Rayonun təhsili, səhiyyəsi, mədəniyyəti, iqtisadyyatı, haqqındakı bilgilər kifayət qədər olsa da, tarixi, əhalisi, coğrafi mövqeyi, idmanı haqdakı bilgilər isə çox azdır. Qurumun rəhbəri, onun müavinləri haqqında da informasiya yoxdur. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə də məlumat saytda əksini tapmayıb.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı verilsə də, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri saytda öz əksini tapmayıb. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.
3. Qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumat, onlarla əlaqə nömrələri saytda var. Şura bölməsindəki bilgilər isə çox azdır. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında bilgilər təqdim edilmir. Bununla yanaşı qurumun rəhbəri, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında da bioqrafik bilgilərə rast gəlinmir.
5. Cari informasiyalar baxımından saytı qənaətbəxş hesab etmək olar. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə isə heç bir bilgi təqdim edilmir.
6. Qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalara, subsidiya alanlar haqda məlumatlara da saytda rast gəlmək olmur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Saytda boş iş yerləri haqda məlumat olmasa da, işə qəbulla bağlı məlumata az da olsa İqtisadiyyat bölməsində rast gəlinir. Amma məlumat hələ ki, 2015-ci ilə aiddir.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri və saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslərin əlaqə nömrələri və onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.