Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti www.oguz-ih.gov.az İnternet resursunun görünüşü normal, istifadəsi rahat olsa da, məlumat almaq baxımından çox kasaddır. Çünki saytın heç bir bölməsindəki informasiyaları qənaətbəxş hesab etmək olmaz. Xəbərlər bölməsində də informasiyalar köhnədir. Saytın elə bölmələri var ki, məlumat bir cümlədən ibarətdir. İqtisadiyyat, fəaliyyət və idman bölmələrindəki hesabat xarakterli məlumat 2009-2011-ci illərə aiddir. O gündən bu günə məlumat yenilənməyib. Şura, infrastruktur (poçt və rabitə, banklar) bölmələri ümumiyyətlə boşdur. Saytların əksəriyyətində olan Dağlıq Qarabağ bölməsi isə ümumiyyətlə işləmir. Ötən monitorinq ilindən bu yana saytda heç bir dəyişiklik yoxdur. İnternet resursunun sosial şəbəkələrə çıxışından söz açmağa belə dəyməz
Beləliklə, Oğuz Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Rayonun tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, təhsili, səhiyyəsi, mədəniyyəti, idmanı haqqındakı bilgilər kifayət qədər deyil. Qurumun özu, qurumun rəhbəri haqqında verilmiş məlumatlar da qənaətbəxş hesab oluna bilməz. Nə rəhbər, nə də onun müavinləri haqda bioqrafik bilgi yoxdur. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə də saytda məlumat verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı verilsə də, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri saytda öz əksini tapmayıb. Sadəcə qəbul günləri və qəbul saatları göstərilir. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.
3. Qurumun strukturu haqqında sxem var, amma onlarla əlaqə nömrələri yoxdur. Şura bölməsi boşdur. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri, onun müavinləri, struktur bölmələrinin rəhbərləri haqqında da informasiya çox azdır. Onlarla əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilir. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də yoxdur.
5. Cari informasiyalar baxımından da sayt zəngin sayıla bilməz. Sonuncu informasiya bir ay bundan əvvələ aiddir. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Saytda qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri haqqında informasiyalar olmasa da, subsidiya alanlar haqda siyahinı ayrıca bölmədə tapmaq olar ki, burada da məlumat 2014-cü ilə aiddir.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri və qəbul saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslərin əlaqə nömrələri, nə onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.