Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti www.sabail-ih.gov.az İnternet resursunun görünüşü normal, istifadəsi rahat olsa da, tam məlumatlılıq baxımından sayt haqqında müsbət fikir söyləməkdə çətinlik çəkirik. Düzdür, saytın geniş informasiyalı bölmələri var. Amma elə bölmələri var ki, onlardakı informasiyaları qənaətbəxş hesab etmək olmaz. Əhali və coğrafi mövqe bölmələrindəki məlumatlar çox azdır. Xəbərlər bölməsi informasiyalar arasındakı vaxt intervalı bir aya qədər uzanır. Səbayel qəzeti haqda saytda bölmə olsa da, orada yalnız qəzetin 2014 və 2015 buraxılışlarını görmək olur. İqtisadiyyat bölməsindəki məlumatlar da 2015-ci ilə aiddir. Saytın sosial şəbəkələrə də çıxışı yoxdur.
Səbail rayonu Bakı şəhərinin mərkəzi rayonu sayıldığında daha qaynar, daha məlumatlı bir portal gözlədiyimiz halda saytın mənzərəsi belədir:
1. Rayonun tarixi, təhsili, səhiyyəsi, mədəniyyəti, idmanı haqqındakı bilgilər kifayət qədər deyil, iqtisadiyyatı bölməsindəki məlumatlar köhnə, əhalisi, coğrafi mövqe bölmələrindəki məlumat isə çox azdır. Qurumun rəhbəri, onun müavinləri haqqında verilmiş məlumatlar qənaətbəxş hesab oluna bilər, onlar haqda bioqrafik bilgi var. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə də saytda məlumat verilmir.
2. Əhalinin qurumla əlaqəsi üçün onun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı verilsə də, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri saytda öz əksini tapmayıb. Sadəcə qəbul günləri və qəbul saatları göstərilir. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.
3. Saytda qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar var, amma onlarla əlaqə nömrələri yoxdur. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.
4. İcra aparatının rəhbəri, onun müavinləri haqda bioqrafik bilgilər var, amma struktur bölmələrinin rəhbərləri haqqında informasiya yoxdur. Onlarla əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilmir. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də yoxdur.
5. Cari informasiyaların təqdimində gecikmələr var. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri haqqında informasiyalar olmasa da, subsidiya alanlar haqda informasiyalara ayrıca bölmədə tapmaq olar.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri və qəbul saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslərin əlaqə nömrələri, nə onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.