Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin www.dtx.gov.az rəsmi saytında aparılan monitorinqin nəticəsi olaraq öncə qeyd etməliyik ki, DTX-nın rəsmi internet saytının monitorinqi 13 parametr və 59 qiymətləndirici meyarlar üzrə onlayn şəffaflıq vəziyyəti analiz edilərək aparılmışdır. Metodikada dövlət qurumlarının rəsmi İnternet resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin kəmiyyət və keyfiyyət cəhətdən analiz edilməsi və qiymətləndirilməsi ilə tanış ola bilərsiniz.
Dövlət Təhlükəsizliyi Xidmətinin internet resursu orta qiymətləndirilsə də istifadəçi üçün əsasən çatımlıdır. Sayt yeni qurulduğu üçün bəzi parametrlər üzrə məlumatlar olmasa da, xeyli maraqlı bilgilər təqdim edir. Xüsusilə də, dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, rəhbərləri haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, telefon nömrələri, e-poçt ünvanı haqqında bilgi verilir. Qurumun strukturunun ümumi sxemi, qurumun tabeliyindəki informasiya sistemləri barədə yetərli bilgi təqdim edilmişdir. Rəhbərin bioqrafiyası və dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapıb. Mətbuat üçün açıqlamalar və onların tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya da öz əksini tapıb. Dövlət qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, xidmətlərdən istifadə qaydaları əhatəli və dolğun olmasa da öz əksini tapıb. Habelə, Qaynar Xəttdə (1656) mövcuddur. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanları yüksək olmasa da qənaətbəxş saymaq olar. Domen rahatlığı da normaldır. Qurum haqqında Dövlət Xidmətləri Portalında (www.dxr.az ) məlumat bazası da mövcuddur.
Parametrlər üzrə saytın ümumi mənzərəsi:
1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, rəhbərləri haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur.
2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, telefon nömrələri, e-poçt ünvanı haqqında bilgi verilir. Lakin, dövlət qurumunun ünvanının marşrut və sxemi, o cümlədən dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar yoxdur.
3. Dövlət qurumunun strukturunun ümumi sxemi, qurumun tabeliyindəki informasiya sistemləri barədə yetərli bilgi təqdim edilmişdir. Lakin, aparat, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri göstərilməyib.
4. Qurumun rəhbərinin bioqrafiyası və dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapıb. Lakin, rəhbər işçilər, onlarla əks əlaqə, rəhbərin müavin(lər)inin, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarına rast gəlmədik.
5. Mətbuat üçün açıqlamalar və onların tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya öz əksini tapıb. Lakin, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlara rast gəlinmir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya öz əksini tapmayıb.
7. Dövlət qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, xidmətlərdən istifadə qaydaları əhatəli və dolğun olmasa da öz əksini tapıb. Habelə, Qaynar Xəttdə (1656) mövcuddur. Lakin, elektron formada təklif olunan xidmətlər, xidmətlərin statistikası, onlayn müraciət imkanı, və Çağrı Mərkəzinə rast gəlmədik.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları tam əks edilsə də, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi qeyd edilməmişdir.
9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) bölümündə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, digər qəbul formaları (video qəbul və s), həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi də mövcud deyil.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri , mübahisələrin həlli qaydaları və elanların arxivi qeyd edilməmişdir.
12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar, habelə bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilmir.
13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanları qənaətbəxş saymaq olmur. Çünki, dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu çox aşağı səviyyədədir və yalnız domen rahatlığı var. Abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, sayt daxilində axtarış və sosial şəbəkələrdə səhifəsi yoxdur.