Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyətinin www.saatli-ih.gov.az ünvanlı İnternet resursunda rayon haqqında qismən yetərli olan bilgilər ötən ilə nisbətən yenilənsə də, elə bölmələr var ki, orada yenə də köhnə məlumatlara rast gəlirik. Saytdaki statistik göstəricilər, hesabat xarakterli bütün məlumatlar, vətəndaşlarin qəbul qrafiki 2016-cı ilə aid olsa da, subsidiya alanlar haqda məlumat hələ dı 2013-2014-cü iliərə aiddir. Xəbərlər bölməsində də informasiyalar köhnədir. Sonuncu informasiya iyula, ondan əvvəlkilər isə may və marta aiddir. Saytın sosial şəbəkələrə çıxışı yoxdur. Saytın görünüşü normal, istifadəsi isə rahatdır.
Beləliklə, Saatlı Rayon İcra Hakimiyyəti saytının ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Rayonun tarixi, təhsili, səhiyyəsi, mədəniyyəti, iqtisadyyatı, idmanı, bütövlükdə rayon haqqında bilgiləri saytdan qismən almaq mümkündür. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə məlumat verilmir.
2. Əhalinin qəbulu üçün informasiyalar qənaətbəxşdir. Lakin qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı verilsə də, bunların ayrı-ayrı bölmələrdə olması ziyarətçiləri çaşdıra bilər. Vətəndaşların qəbulu qrafiki ötən ildən fərqli olaraq bu il 2016-cı ilə aiddir. Bölmədə əhalini qəbul edəcək səlahiyyətli şəxslərin qəbul günləri və saatları göstərilsə də, əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri saytda öz əksini tapmayıb. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.
3. Qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar var, amma bunlar yalnız adların göstərildiyi siyahıdan ibarətdir. Şura bölməsindəki bilgilər isə çox azdır. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri haqqında qısa bioqrafik məlumat verilir. Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında isə bilgilər təqdim edilmir. Müavinlər, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqda da bioqrafik məlumatlara rast gəlmək olmur.
5. Cari informasiyalar baxımından saytı qənaətbəxş hesab etmək olmaz. Saytdakı sonuncu informasiya iyula aiddir. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalara rast gəlmək olmur, subsidiya alanlar haqda məlumatlar saytda var, amma yalnız 2013, 2014-cü illər üçün.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri və saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslərin əlaqə nömrələri və onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.