Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin rəsmi İnternet resursu monitoring zamanı da qeyd etdiyimiz kimi heç də müvafiq qanunun tələblərinə tam cavab vermir. Üstəlik sayta bir qeyri-ciddi yanaşmanın olduğu da göz qabağındadır. Xüsusən də onun Ru və Eng variantlarının bir çox səhifələrinin hələ də qurulmaqda olması barədə bilginin verilməsi bunun bar daha göstəricisidir. Buna görə də tövsiyə etmək istərdik ki, boş səhifələr saytdan çıxarılsın və onların məzmunu hazır olan yerinə bərpa edilsin. Ümumilikdə isə aşağıdakı tövsiyələrimizi dilə gətirmək istərdik.
1. Saytın domen adının “azstand” tərkibli olması elə də uğurlu yanaşma deyil. Əslində bu saytın domen adı www.azs.gov.az formasında olmalıdır. Çünki AZS Azərbaycan standartının qəbul edilmiş simgəsidir.
2. Saytda yalnız agentliyin direktorunun biografiyasının olması da yetərli sayıla bilməz. Qanunun tələbinə görə bütün vəzifəli şəxslərin biografik bilgiləri sayta yerləşdirilməlidir.
3. Daha bir məqam ştat cədvəlləri ilə bağlıdır. Düzdür, buna bənzər bir siyahı var. Ancaq yalnız əlaqə adı altında olan bu
siyahı daha çox vəzifə sahiblərinin adlarını içərir.
4. 3-cü bənddə sözü gedən siyahıda bir sıra vəzifə sahiblərinin telefon nömrələri haqqında bilgi verilməyib.
5. Vətəndaşların qəbulu və qəbul qaydaları haqqında da bilgilər saytda gözə dəymir. Yaxşı olardı ki, bu qaydalar ayrıntılı bir şəkildə sayta yerləşdirilsin və ayrı-ayrı vəzifə sahiblərinin qəbul günləri (saatları) barədə də bilgi verilsin.
6. İşə qəbul və müsabiqələr haqqında bilgilərin verilməsi, əmək haqqı dərəcələrinin açıqlanması da qanunun tələbləri sırasındadır.
7. Bu qurumun illik büdcəsi və onun icrasının ayrıntılı şəkildə sayta yerləşdirilməsi qanunun daha bir tələbidir.
8. Qurumun ictimai əlaqələrə məsul şəxsi və ya struktur bölməsi haqqında da daha ayrıntılı və nəzərəçarpan bilgiyə gərək var.
9. Xəbərlərin gec-gec yenilənməsi 8-ci bənddə adı keçən vahidin işinin yarıtmazlığına nümunə sayıla bilər.
10. Bağlantılar (links) səhifəsində yalnız 3 beynəlxalq qurumun saytına keçidin verilməsi yetərli deyil. Bura həm də digər dövlət organlarının saytlarını əlavə etmək lazımdır və s.