Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun www.sspf.gov.az domen adlı İnternet saytı, belə demək mümkünsə, iddialılar sırasındadır kimi görünür. Yəni saytın olduqca zəngin halda işlənməsi ondan xəbər verir ki, bu işə məsul olan qurum yetkililəri öz vəzifələrinə ciddi yanaşmışlar. Ancaq təəssüf doğuran bir amil də var ki, o da saytın ağır yüklənməsi ilə bağlıdır. Xüsusən də zərurət olmadan “fləş” tətbiqatından istifadə edilməsi saytın işini ağırlaşdırır. Üstəlik bəzi grafiklərin iri həcmdə variantlarının yalnız ölçü baxımından kiçildələrək sayta yerləşdirilməsi də onun işini əngəlləyir. Daha bir ciddi qüsur isə saytda axtarış imkanlarının olmamasıdır.
Dövlət Sosial Müdafiə Fondunun İnternet saytı ana səhifə ilə açılır. Yuxarıda üfqi bir blok verilib ki, məhz saytın ilkin yüklənməsini əngəlləyən də odur. Burada “fləş” tətbiqatı ilə Azərbaycan bayrağı və herbinin önündə qurumun adı yazılıb. Fonda isə heç bir zərurət olmadan hərəkət edən buludlar və səma görünür. Üstəlik burada bir səs effekti də tətbiq edilir. Elə bu blokda ana səhifə, ümumi göstəricilər, saytın xəritəsi və əlaqə keçidləri verilib.
Bundan sonra sayt üç şaquli blokla davam edir. Sol blokda əsas menyu yer alıb. Ancaq bu menyudan yuxarıda saat və təqvim günü də verilib ki, bizcə ona heç gərək yoxdur. Əsas menyudan aşağıda bir sorğu və arxivinə keçid, bir də ki, bəzi keçidlər yer alıb.
Orta blok daha çox xəbərlərdən ibarət iki sütundan təşkil edilib. Ancaq belə görünür ki, xəbərlər elə də tez-tez yenilənmir. Ən yeni xəbərin tarixi 14 yanvar 2008-ci ilə təsadüf edir. Sağ blok isə Az, Eng və Ru keçidləri ilə başlayır. Bundan sonra yeni məlumatlar yerləşdirilib ki, burada da ən yenisi 07 fevral 2008-ci ilə təsadüf edir. Daha aşağıda iki qaynar xətt telefon nömrəsi, sonra isə qurumun yer və e-poçt ünvanı, telefon və faks nömrələri gəlir.
Saytın dabanında isə “© Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu” sözləri yer alıb.
Əsas menyu
Fond haqqında: fond haqqında, əsasnamə (mətni), struktur (keçid imkanlı şəcərə), mərkəzi aparat (keçid imkanlı şəcərə), kollegiya (tərkib), büdcə (2003-2007-ci illər), əmrlər (2000-ci ildən 2007-ci ilə qədər), əməkdaşlıq;
Qanunvericilik: qanunlar, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları və sərəncamları, sazişlər, Dövlət Sosial Müdafiə Fondunun normativ hüquqi aktları;
Məcburi dövlət sosial sığortası: sosial siğorta anlayışı (üç cümlə), iştirakçıları (istilahlar və açıqlamaları), haqqı;
Pensiya islahatı: pensiya islahatı konsepsiyası (2001-2005-ci illər), yeni sığorta-pensiya organının təşkili (qısa bilgi), pilot ərazilər, sığorta-pensiya və dövlət sosial yardımı sistemlərinin ayrılması, yeni sığorta-pensiya sisteminin fəaliyyətə başlaması, pensiyaların plastik kartlarla ödənilməsi, 2007-ci il üzrə islahat yenilikləri;
Pensiyalar haqqında: pensiyalar haqqında, pensiyaların hesablanması;
Fərdi uçot: ümumi məlumat, məlumat mübadiləsi (sxemlər), formalar (şəkilləri və doldurulma qaydaları);
Sığortaedən üçün məlumat: subyektləri, qaydalar və əlavələr;
Statistika: 2003-cü ildən başlayaraq 2008-ci ilin əvvəlinə qədər olan dövrə aid bilgilər;
Konfranslar və seminarlar: konfranslar (2003-2007-ci illər), seminarlar (2003-2006-cı illər), təqdimatlar (2003-2004-cü illər üzrə cəmi 3 təqdimat);
Mətbuat: mətbuat (2004-cü ildən başlayaraq xəbərlər), məqalələr, fotogalereya (izahsız şəkillər);
Sual – cavab: bölmələr üzrə sual vermək imkanı;
Linklər: müvafiq dövlət və xarici qurumların saytlarına bağlantılar;
Qonaq kitabı: qeydlər yazmaq üçün onlayn forma;
Əlaqə: bütün struktur vahidlərinin (rayonlar da daxil olmaqla) rəhbərlərinin adları, telefon nömrələri və qəbul günləri (saatları).
Göründüyü kimi bu qurumun İnternet saytında bir sıra dövlət qurumlarının saytlarında rast gəlinməyən vacib bilgilər də yer alıb. Məsələn, büdcə haqqında bilgiləri bu sıraya aid etmək olar. Yaxud da statistik bilgiləri qeyd etməyə dəyər.
Ümumi nəticə isə budur ki, burada “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 14-ü yer alıb.