15.12.2008
“İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib.
Bu gün Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən Azərbaycan Media Mərkəzində “İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib.
Dəyirmi Masada Multimedia Mərkəzinin direktoru, layihənin rəhbəri Osman Gündüz “Dövlət qurumları tərəfindən elektron formada təqdim olunan xidmətlərin monitorinqinin nəticələri” mövzusunda və İREX -Media qurumunun nümayəndəsi , Layihənin eksperti t Ələsgər Məmmədli “İctimai İnformasiya mərkəzləri İnfrastrukturunun yaradılması ilə bağlı təkliflər” mövzusunda təqdimatları olub.
Dövlət qurumlarının, özəl və ictimai sektorun təmsilçilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi Dəyirmi Masada informasiya azadlığının gerçəkləşməsi üçün qanunvericilikdə yaradılması nəzərdə tutulan İctimai informasiya Mərkəzlərinin formalaşması sahəsində mövcud vəziyyət və problemlər ətrafında müzakirələr aparılıb.
Müzakirələrdə İctimai Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev, ”İnam”Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi, Ombudsman Aparatının nümayəndəsi Tağıyev Nəcəf, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli, YYSQ-nin sədri Aydınxan Əbilov, Xəzər TV-nin nümayəndəsi Qulu Məhərrəmli, USAİD –in nümayəndəsi Ülvi İsmayıl və digər nümayəndələr çıxış ediblər. Müzakirələr zamanı ölkədə informasiya azadlığının gerçəkləşməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulan addımların bir qismi reallaşsa da , əslində bu sahədə xeyli problemlərin olması qeyd olunub. Xüsusilə İnformasiya müvəkkili İnstitutunun yaradılmaması, dövlət qurumlarının informasiya resurslarının qanunvericiliyin tələblərinə cavab verməməsi, hökumət tərəfindən elektron xidmətlərin yaradılması ilə bağlı sahəyə diqqətin yetərli olmaması, vətəndaşların informasiya tələbatının olmaması haqqında fikirlər irəli sürülüb.
Tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən “İnformasiya azadlığının inkişafı üçün çevik və effektiv mexanizmlərin yaradılması” Layihəsi çərçivəsində keçirilib.
Daha geniş məlumat www.informasiya.org saytında yerləşdirilib.
Multimedia Mərkəzi
Tel: 492 44 44
info@informasiya.org