Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin www.mns.gov.az domen adlı İnternet resursu bir neçə göstəricisinə görə müsbət mənada fərqli təsir bağışlayır. Xüsusən də Azərbaycan Xalq Cümhuriyyəti dövründən günümüzə qədər milli təhlükəsizlik sisteminə rəhbərlik edənlər haqqında bilginin verilməsi olduqca təqdirəlayiqdir. Bununla belə saytda xeyli çatışmazlıq da var. Aşağıda müşahidə etdiyimiz bir sıra məqamları diqqətə çatdırırıq:
1. Nazirliyin özü ilə bağlı informasiya demək olar ki, dolğun və tamdır. İstər qurumun tarixi, istərsə də onun fəaliyyətini təmin edən qanunverici baza haqqında yetərincə bilgi var.
2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün ümumi imkanlar olsa da ayrı-ayrı struktur bölmələri və onların rəhbərləri ilə əlaqə imkanları yetərli deyil, yaxud da heç yoxdur.
3. Nazirliyin strukturunun sxemi və ümumiyyətlə strukturu barəsində heç bir bilgi yoxdur. Yalnız nazirliyə tabe olan bəzi qurumlar haqqında qısa bilgi verilib.
4. Rəhbər və rəhbər işçilər bölməsində yalnız nazirin biografiyası verilib. Digər rəhbər işçilər barəsində heç bir şey gözə dəymir. Bundan başqa rəhbərlə birbaşa əlaqə üçün də heç bir vasitə göstərilməyib.
5. Nazirliyin cari fəaliyyəti haqqında informasiya verilsə də burada operativlikdən söhbət gedə bilməz. İnformasiyalar xeyli köhnə sayıla bilər.
6. Nazirliyin büdcəsi haqqında bir kəlmə də deyilmir. Halbuki şəffaflığı təmin etmək baxımından bu olduqca vacibdir.
7. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təklif edilən xidmətlər və onların icra qaydaları barədə də heç bir bilgi verilməyib.
8. Nazirliyə və onun ayrı-ayrı struktur bölmələrinə işə qəbulla bağlı informasiya da gözə dəymir.
9. Nazirlikdə əmək haqlarının formalaşması və ayrı-ayrı vəzifə sahiblərinin əmək haqları barədə informasiya açıqlanmır.
10. Təəssüfləndirici haldır ki, vətəndaşların qəbulu ilə bağlı da heç bir informasiya verilmir. Halbuki bu olduqca vacibdir.
11. Tender və müsabiqələr haqqında informasiyanın yoxluğu da nazirliyin bu sahədə fəaliyyətinin şəffaflığını şübhə altına qoyur.
12. Saytda çatışmayan informasiyalardan biri də nazirliyin norma və qanun yaratma fəaliyyəti ilə bağlıdır.
13. Saytın texniki imkanlarına gəlincə demək lazımdır ki, bu sahədə də durum ürəkaçan sayıla bilməz.