21 iyun 2011- ci il tarixdə Multimedia Mərkəzi tərəfindən “İctimai informasiyaların rəsmi internet resurslar vasitəsilə açıqlanması: real vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib.
Tədbirdə Multimedia Mərkəzinin direktoru Osman Gündüz Mərkəz tərəfindən 6 ay ərzində 60 dövlət qurumunun və 15 Bələdiyyənin internet resursunun monitorinqinin aparıldığını qeyd edib. Rəsmi saytların 67 parametr üzrə kəmiyyət və keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla informasiya açıqlığı vəziyyətinin analiz olunduğunu bildirilib. İnformasiya açıqlığı üzrə dövlət qurumlarının və Bələdiyyələrin növbəti Reytinq Cədvəli və Hesabat ictimaiyyətə təqdim edilib. Hesabatda son yarım il ərzində dövlət orqanlarının və bələdiyyələrin rəsmi internet saytlarında yerləşdirilən informasiyanın kəmiyyət və keyfiyyət baxımından mövcud qanunvericiliyə uyğunluğu ilə bağlı vəziyyət öz əksini tapıb. O, ictimai informasiyaların internet resurslar vasitəsilə yayılmasında müsbət istiqamətdə xeyli irəliləyişlər olması ilə bərabər hələ də ciddi problemlərin qaldığını bildirib. Xüsusilə , informasiya açıqlığı sahəsində dövlət qurumları arasında kəskin informasiya bərabərsizliyinin olduğu vurğulanıb.
Monitorinqin nəticələrinə əsasən informasiya açıqlığı üzrə Reytinq Cədvəlində 1-ci , 2-ci və 3-cü yerləri müvafiq olaraq Vergilər Nazirliyi (68%), Hesablama Palatası (56%) və Sosial Müdafiə Fondu (55%) tutub.
Reytinq Cədvəlində sonuncu yerlər isə Nazirlər Kabinetinə, Bakı Metropoliteni , Kənd Təsərrüfatı Nazirliyinə məxsusdur.
Müdafiə Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytları isə hələ də fəaliyyət göstərmir. 60 dövlət qurumu üzrə orta informasiya açıqlığı göstəricisi 27 % təşkil edib. Ötən illə müqayisədə informasiya açıqlığı sahəsində təxminən 7 % artım olub.
Dəyirmi Masada RİTN –nin nümayəndəsi Etibar Umudov, Dövlət Neft Fondunun nümayəndəsi Cəmalə Əliyeva, Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, QHT-lərə Dövlət Dəstəyi şurasının üzvü Əliməmməd Nuriyev, İREX təşkilatının nümayəndəsi Ələsgər Məmmədli, Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Elman Babayev, Vergilər Nazirliyinin nümayəndəsi Ələkbər Arif, DİN –nin nümayəndəsi Cavid Qasımov, Milli Məclisin şöbə müdirinin müavini Yaşar Əməşov, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsi Asəf Əliyev , AMEA İTİ-nin şöbə müdiri Gülnarə Nəbiyeva, Sahil Şirkətinin direktoru Vahid Qasımov, müstəqil ekspert Azər Həsrət , Neftçilərin Hüquqlarını Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı və digər nümayəndələr çıxış ediblər.
Çıxış edənlər ictimai əhəmiyyət kəsb edən informasiyaların rəsmi saytlardan əldə edilməsi sahəsində son dövrlərdə müəyyən irəliləyişlərin olduğunu bildiriblər. Bir sıra dövlət qurumunun saytlarının tamamilə yenidən qurulduğu qeyd edilib. Monitorinqin Metodologiyasının təkmilləşdirilməsi istiqamətində təkliflər irəli sürülüb. Bununla belə açıqlanması məcburi olan informasiyaların əksəriyyətinin hələ də saytlardan əldə edilməsinin mümkünsüzlüyü qeyd olunub. Monitorinqin nəticələrinin ictimailəşdirilməsinin və davamlı olaraq aparılmasının zəruriliyi qeyd olunub.
Təqdimat mərasimində hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Monitorinq ACİ –Yardım Fondu tərəfindən dəstəklənən “İctimai informasiya subyektlərinin informasiya açıqlığı vəziyyətinin Monitorinqi” Layihəsi çərçivəsində həyata keçirilib.
Geniş məlumat www.informasiya.org –da yerləşdirilib.
Multimedia Mərkəzi
Tel: 492 44 44
www.informasiya.org
info@informasiya.org