Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin www.arxkom.gov.az domen ünvanlı İnternet resursu çox zəif tərtibatı və kasadlığı ilə seçilir. Bu saytda ən adi bilgilər belə gözə dəymir. Hətta qurumun rəhbərliyi haqqında bilgiləri də tapmaq çox çətin bir məsələdir. Ümumiyyətlə isə saytdakı durum aşağıdakı kimidir:
1. Qurumun özü haqqındakı bilgiləri yetərli saymaq olar. Yalnız onun rəhbərləri barədə heç bir bilgi yoxdur.
2. Ziyarətçilərin əks əlaqəsi üçün ünvan və telefon nömrələri verilib. Bununla belə ümumi əlaqə imkanlarının yanısıra ayrı-ayrı vəzifəli şəxslər və struktur bölmələri ilə əlaqə imkanları zəifdir.
3. Qurumun strukturu, sxematik olmasa da, təqdim edilir.
4. Rəhbər və rəhbər işçilər, həmçinin struktur bölmələri rəhbərləri haqqında biografik bilgilər verilməyib.
5. Qurumun cari fəaliyyəti barədə heç bir bilgi yoxdur. Burada gözə dəyən yalnız bir neçə qurumdaxili əmrlərdir. Qurumun icra etdiyi proqram və layihələr barədə də heç bir bilgi yoxdur.
6. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsinin ayrıntıları saytda əks olunmayıb.
7. Qurumun təklif etdiyi xidmətlər bölümündə çox az bilgi var.
8. Boş iş yerləri və işə qəbul qaydaları barədə də heç bir bilgi yoxdur.
9. Sahə işçilərinin əmək haqları barədə də eyni sözü demək olar.
10. Vətəndaşların qəbul qaydaları və qəbul vaxtları barədə hər hansı bilgi tapmaq mümkün deyil.
11. Tender və müsabiqələr haqqında bilgi verilməməsi də bu sıradandır.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti saytda öz əksini tapmayıb.
13. Saytın texniki göstəriciləri çox aşağı səviyyədədir.