Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyətinin www.lenkeran-ih.gov.az ünvanlı İnternet resursu, bəzi göstəricilərinə görə operativ sayıla bilər. Örnək üçün, saytda xəbərlərin yenilənməsi baxımından diqqət çəkən məqam var. Sayt texniki baxımdan da uyğun bir şəkildə tərtib edilib. İstifadəsi rahatdır, funksionaldır. Lakin təbii olaraq burada da gərəkli bilgilərin çatışmazlığı və özəlliklə də interaktivliyin az olması özünü göstərir. Saytın ümumi görünüşü isə aşağıdakı kimidir:
1. Şəhər haqqında məlumat, tarixi, mədəniyyəti və s. haqqında bilgilər tam şəkildə təqdim edilir. Qurum ilə bağlı isə icra hakimiyyətinin başçısı, bioqrafiyası
və icra aparatı haqqında bilgiləri yetərli saymaq olar. Ancaq struktur, İH əsasnaməsi, dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu barədə bilgilər verilmir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları barədə təqdim edilmiş bilgiləri tam hesab etmək olar.
3. Qurumun strukturu icra hakimiyyətinin alt bölmələri və yerli icra nümayəndəlikləri haqqında bilgilər tam olmasa da təqdim edilir. Əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında bilgilər isə tam şəkildə təqdim edilir. Struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr haqqında məlumatlar verilmir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun başçısı haqqında bilgi, icra hakimiyyətinin rəhbəri ilə əks əlaqə imkanları və icra hakimiyyəti ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Lakin sturuktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası, şəhərdən seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında bilgilər təqdim edilmir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, icra hakimiyyətinin həyata keçirdiyi tədbirlər, cari işlər haqqında məlumatlar (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə) təqdim edilsə də şəhərdə həyata keçirilən dövlət layihələri və proqramları,şəhərin ictimai həyatı, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, şəhərin ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər verilmir.
6. Ümumi dövlət büdcəsinin icra hakimiyyətinə aid hissəsi və onun icrası barədə bilgilər təqdim edilmir.
7. İcra hakimiyyəti tərəfindən təklif edilən xidmətlər haqqında icra hakimiyyətinin təklif etməli olduğu mütləq xidmətlər, icra hakimiyyəti tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərdən istifadə qaydaları verilməyib. Onlayn müraciət etmək imkanı isə əks etdirilir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında icra hakimiyyəti və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar, icra hakimiyyəti və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar təqdim edilməyən bilgilərdir.
9. Təqdim edilməyən daha bir bilgi sahə işçilərinin əmək haqları barədə bilgilərdir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, icra hakimiyyətində vətəndaşların qəbul qaydaları təqdim edilmir. Burada qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında bilgilər yetərli sayıla bilər.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı da bilgilər təqdim edilmir.
12. Saytın texniki imkanları yaxşıdır. Amma abunə imkanı yoxdur.